Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olub
Bakı, 20 aprel, AZƏRTAC
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası olub.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müraciəti ilə bağlı konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin məzmununa və mənasına uyğun olaraq, bu maddədə nəzərdə tutulmuş inzibati xətanın subyekti vəzifəli şəxs hesab edilir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə şikayət əsasında icraatın başlanması prokurorun səlahiyyətinə aiddir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi halda, inzibati xəta haqqında prokurorun qərarı olmadan həmin Məcəllənin 360-cı maddəsinin tələblərinə müvafiq olaraq birbaşa rayon (şəhər) məhkəməsinə şikayət verilə bilməz.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.