MƏDƏNİYYƏT
Kristofer Martinez: Azərbaycanın gələcəkdə Venesuela üçün tranzit ölkəyə çevrilməsinə çalışırıq
Bakı, 6 aprel, AZƏRTAC
19-cu Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2023”) sərgisində iştirakı çərçivəsində Venesuela Turizm Nazirliyinin və Venesuelanın əsas dövlət turoperatoru "Venetur"un nümayəndə heyəti Azərbaycan Turizm Agentlikləri Assosiasiyasında (ATAA) olub.
AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov, Assosiasiyanın fəaliyyəti və üzvləri haqqında məlumat verib.
Görüşdə Venesuela Bolivar Respublikasının Azərbaycandakı səfiri Kristofer Alberto Martinez Berroteran turistlərə vizaların verilməsi şərtlərinin sadələşdirilməsi, qarşılıqlı səfərlərin artırılması və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə səfirliyin dəstək göstərəcəyini bildirib.
Venesuelanın yeni marşrutlar açmağı planlaşdırdığına diqqət çəkən səfir deyib: "Bunun əhəmiyyəti ondadır ki, biz Azərbaycanı Avrasiya qitəsinin qaynar nöqtəsi hesab edirik. Azərbaycanın gələcəkdə Venesuela üçün tranzit ölkəyə çevrilməsinə çalışırıq. Venesuela da öz növbəsində Latın Amerikası və Karib hövzəsi ölkələrinə açılan qapıdır. Bu istiqamətdə əməkdaşlığımız üçün sonsuz imkanlar var”.
Daha sonra Venesuela Turizm Nazirliyinin nümayəndəsi Lisbet Rosales ölkəsinin turizm imkanları haqqında ətraflı məlumat verib.
Tədbirdə Venesuelanın görməli yerlərini əks etdirən slaydşou nümayiş etdirilib.
Görüş zamanı həmçinin turizm təşkilatları arasında əməkdaşlığın inkişafı, tanıtım məqsədli qarşılıqlı infoturların təşkili, eləcə də iki ölkə arasında birbaşa aviareyslərin həyata keçirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Görüş interaktiv sual-cavab sessiyası ilə başa çatıb.