REGİONLAR
Kürdəmirdə əkin sahələrinin su təchizatının təmin edilməsi üçün tədbirlər görülür
Kürdəmir, 24 mart, AZƏRTAC
Kürdəmir iri kənd təsərrüfatı rayonudur. Bölgədə həyətyanı sahələr də daxil olmaqla 74 min hektara yaxın suvarılan torpaq var. Rayonun əsas su təchizatı Kür çayı və Yuxarı Şirvan kanalındandır. Xidməti işlər Kür çayından Mollakənd Mexaniki Suvarma İdarəsi, Yuxarı Şirvan kanalından isə Kürdəmir Suvarma Sistemləri İdarəsi tərəfindən yerinə yetirilir. Ötən ilin sentyabrından havaların quraq keçməsi, xüsusilə Yuxarı Şirvan kanalında suyun azalması su təchizatında müəyyən çətinliklər yaradıb. Bu çətinliklər yaz-tarla işlərinin indiki qızğın çağında da hiss olunur. Bəs, çətinliklər müqabilində hansı tədbirlər görülür?
AZƏRTAC-ın bölgə müxbirinin bu sualını cavablandıran suvarma sistemləri idarəsinin baş mühəndisi Rasim Dünyamalıyev mövcud imkanlardan, eləcə də ehtiyatlardan maksimum yararlanmağa çalışdıqlarını söyləyib. O deyib: “Cari ildə xidməti ərazidə 33 min 307 hektarda taxıl, 3619 hektarda yem bitkiləri, 3922 hektarda bostan-tərəvəz, 2370 hektarda bağ və üzümlük, habelə xeyli həyətyanı sahə olmaqla, ümumilikdə, 45 min 381 hektar ərazinin suvarılması nəzərdə tutulub. Bu ilin yanvarından etibarən mövcud imkanlardan səmərəli istifadə edilməsi, su itkisinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər görülür”.
Baş mühəndis bildirib ki, ilin əvvəlindən kanalların 80,4 kilometri lildən təmizlənib, kanallar üzərindəki 31 hidrotexniki qurğu cari təmir edilib. R-15 beton kanalının 0,65 kilometrlik hissəsində əsaslı təmir işləri başa çatdırılıb. Habelə Topalhəsənli beton kanalının 0,65 kilometrlik hissəsinin əsaslı təmirinə başlanıb və hazırda işlər davam etdirilir.
Girdimançay üzərində yerləşən Karrar stansiyasındakı aqreqatların sazlandığını söyləyən baş mühəndis elektrik avadanlıqlarının dəyişdirildiyini, habelə təsərrüfatın təzələndiyini söyləyib. Vurğulayıb ki, Yuxarı Şirvan kanalında suyun azlığı nəzərə alınaraq müəyyən qədər şirin su qatılmaqla kollektorlarda olan sular səyyar tipli nasoslarla sahələrə verilir. “Rayonun suvarma suyu ilə ən çətin təmin olunan Sığırlı kəndinin normal su təchizatı üçün hazırda Girdimançayda dizel nasos stansiyası qurulur”, - deyə baş mühəndis söyləyib.