KÜRDƏMİRİN YAŞLI SAKİNLƏRİ ERMƏNİ VƏHŞİLİKLƏRİNİ YAXŞI XATIRLAYIRLAR
Kürdəmir, 31 mart (AZƏRTAC). Kürdəmirdə 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar tədbir keçirilmişdir .
Tədbir iştirakçıları əvvəlcə “Şəhidlər xiyabanı”nı ziyarət etmiş, şəhid məzarları üzərinə tər çiçəklər qoymuşlar. Ərazi bütövlüyümüz uğrunda həlak olmuş soydaşlarımızın ruhuna dualar oxunmuşdur .
İştirakçılar rayon mədəniyyət evinin foyesində azərbaycanlıların soyqırımına həsr olunmuş sərgiyə baxmışlar. Qanlı faciəni əks etdirən əl işləri tarixi keçmişimizi, xalqımızın zaman-zaman başına gətirilən müsibətlərin qədim köklərə malik olduğunu nümayiş etdirirdi.
Tədbirdə azərbaycanlılara qarşı törədilən soyqırımının mahiyyəti və tarixi kökləri haqqında məlumat verilmiş, hadisələrin Kürdəmirin yaşayış məntəqələrindən də yan keçmədiyi diqqətə çatdırılmışdır.
Yaşlı nəslin nümayəndələri şahidi olduqları hadisələr barədə ürəkağrısı ilə danışmışlar . Şahidlər qəfil hücumdan özlərini itirən və Şamaxı istiqamətinə qaçmaq istəyən əliyalın Qarasaqqallı sakinlərinin qırğına məruz qaldığını, Bakı istiqamətində isə erməni hərbçiləri ilə dolu olan qatarın Sığırlı kəndində saxlanılaraq evlərə od vurulduğunu, kənddən qaça bilməyən uşaq, qadın və əlillərin öldürüldüyünü böyük həyəcanla dilə gətirmişlər. Bildirmişlər ki, Kürdəmir stansiyasında və onun ətrafında olan kəndlərdə daha böyük qırğınlar olmuşdur. Qarabucaq kəndində hələ də nə baş verdiyindən xəbərsiz olan insanlar vahiməyə düşərək qocaları, uşaq və əlilləri ot tayalarının altında gizlədirlərmiş. Bundan xəbər tutan erməni daşnakları tayalara od vurub onlarla insanı diri-diri yandırmışlar. Türk ordusunun özünü yetirməsi, tarixi “Musakörpü döyüşü “kürdəmirliləri tamamilə məhv olmaqdan xilas etmişdir.
Tədbirin sonunda iştirakçılar soyqırımına həsr olunmuş videofilmə və məktəblilərin ifasında kompozisiyaya baxmışlar.