MƏDƏNİYYƏT
Laçın Şəhəri Günü münasibətilə Həkəri çayının sahilində sərgi açılıb
Laçın, 26 avqust, AZƏRTAC
Laçın Şəhəri Günü Həkəri çayının sahilində bayram ab-havalı tədbirlər ilə davam edib.
AZƏRTAC xəbər verir ki, burada Laçın mətbəxinin təqdimatı, xalça kəsimi və müxtəlif əyləncəli tədbirlər keçirilib.
Təşkil olunan bayram sərgisində mədəniyyət naziri Adil Kərimli də iştirak edib. O, burada nümayiş olunan sərgiyə baxış keçirib.
Bu gün doğma Laçınımızın füsunkar və əsrarəngiz, yaşıl təbiəti müxtəlif tədbir proqramları ilə al-əlvan rənglərə boyanıb. Gün ərzində keçirilən tədbirlər nəinki laçınlıların, eləcə də bütün Azərbaycan xalqının yaddaşında daim qalacaq. Belə ki, Laçın şəhərinin yenidən doğuluşunun ikinci ildönümü münasibətilə geniş bayram proqramı tərtib edilib. Şəhərin mənzərəli terrasında rəngarəng proqramlar həyata keçirilib. Məkanda xalq tətbiqi sənəti üzrə ustad dərsləri təşkil olunub. Ustad dərslərində şəbəkə, həsir sənəti, keramika, misgərlik və s. sahələr üzrə məlumat verilib, onların bir çoxunun hazırlanması prosesi əyani nümayiş etdirilib.
Həmçinin gün ərzində Həkəri çayının sahilində “Can Laçın” yarmarkası (Laçın mətbəxinin təqdimatı), Dağların nəfəsi – poeziya saatı və uşaqlar üçün tədbirlər (çərpələng uçurtma, maska, şar və torba oyunları, face art və s.) təşkil olunub.
"Ata vəsiyyəti – oğul Zəfəri" və "Bir millət, iki dövlət" adlı xalçaların hanadan kəsimi isə tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Məlumat verilib ki, "Ata vəsiyyəti – oğul Zəfəri" xalçası Ulu Öndər Heydər Əliyevin Prezident İlham Əliyevə "Qarabağ vəsiyyəti" əsasında toxunub. "Bir millət, iki dövlət" xalçası isə Ümummilli Liderin Türkiyə-Azərbaycan qardaşlığı haqqındakı məşhur "Bir millət, iki dövlət" müdrik kəlamı əsasında hazırlanıb. Hər iki dövlətin bayrağının əks olunduğu xalçanın fonunda isə Qarabağın məşhur “Xətai” (XVII əsr) qrupuna aid "Əjdahalı" xalçasından və Türkiyənin “Lotto” (XVII əsr) xalçasından fraqmentlər verilib. Hər iki xalçanın müəllifi Elnarə Rəsulovadır.
Qeyd edək ki, ötən ildə Azərbaycanın əlamətdar günlər təqviminə yeni bir gün, 26 avqust – Laçın Şəhəri Günü daxil olub. İlk dəfə ötən il qeyd edilən bu gün Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə təsis edilib.