Laçınlılar Xocalı faciəsi qurbanlarının xatirəsini anmışlar
Ağcabədi, 25 fevral (AZƏRTAC). Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonu ərazisindəki Taxta körpü qəsəbəsində XX əsrdə bəşər tarixinə ən dəhşətli faciə kimi daxil olmuş Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə şəhidlərin xatirə kompleksini ziyarət edərək, önünə tər qərənfillər düzmüş, Qarabağ müharibəsi zamanı şəhid olmuş soydaşlarımızın xatirəsini ehtiramla yad etmişlər.
Mərasimdə rayon icra hakimiyyəti (RİH) başçısının birinci müavini İlham Quluyev Xocalı soyqırımının həqiqətlərini, faciənin miqyasını və mahiyyətini əks etdirən geniş məruzə etmişdir.
Məlumat verilmişdir ki, RİH başçısı aparatında hazırlanmış tədbirlər planına əsasən, Xocalı soyqırımı ilə bağlı bütün idarə, müəssisə və təşkilatlarda tədbirlər keçirilmiş, fevralın 24-də rayonun ümumtəhsil məktəblərində birinci dərslər faciəyə həsr edilmiş, “Laçın” qəzetində məqalələr dərc edilmişdir. Azərbaycan Uşaqlarının II Ümumrespublika Forumunda yaradılmış Əlaqələndirmə Şurasının müraciəti ilə keçirilən ”Əsrin soyqırımı - 20-ci ilində” adlı aksiya çərçivəsində faciənin nüfuzlu beynəlxalq təşkilatlara çatdırılması üçün 2 min 300-dən çox məktəblinin imzası toplanmışdır.
Tədbirdə faciə zamanı yaxınlarını itirən, erməni vəhşiliyinin şahidi olan sakinlər çıxış edərək, dünyanın əksər dövlətləri tərəfindən faciəyə ikili standartlardan yanaşılmasına, insanlığa sığmayan bu qətliama hələ də siyasi qiymət verilməməsinə etirazlarını bildirmiş, erməni vəhşiliyini və qəddarlığını qətiyyətlə pisləmişlər. Çıxış edənlər Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət sayəsində dünya ictimaiyyətinin Azərbaycan həqiqətlərini dəstəkləyəcəyinə, Xocalı faciəsinə hüquqi-siyasi qiymət veriləcəyinə, işğal olunmuş torpaqlarımızın azad olunacağına əminliklərini bildirmişlər.