Lənkəran Dövlət Universitetində “Məzun günü”
Lənkəran, 29 iyun, Bağır Əliyev, AZƏRTAC
İyunun 29-da Lənkəran Dövlət Universitetində (LDU) “Məzun günü” keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə LDU-nun rektoru vəzifəsini icra edən, professor Natiq İbrahimov məzunları və onların valideynlərini, müəllimləri əlamətdar gün münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.
Hər insanın həyatında elm və təhsilin əvəzsiz rolunu qeyd edən N.İbrahimov bildirib ki, bu il universiteti 437 məzun bitirib. LDU-nun məzunları magistratura imtahanlarında respublika üzrə yüksək nəticələrə nail olublar.
Universitetdə yeni ixtisasların açıldığını vurğulayan N.İbrahimov növbəti tədris ilində LDU-da məzunların sayının 1000 nəfərə yaxın olacağını diqqətə çatdırıb.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev məzunlara qazandıqları bilikləri həyatda uğurla reallaşdırmağı, ölkəmiz üçün dəyərli vətəndaş, bacarıqlı mütəxəssis olmağı tövsiyə edib.
LDU-nun İctimai Şurasının sədri Sərhad Məmmədov məzunları əlamətdar gün münasibəti ilə təbrik edib, onları təhsil aldıqları tədris ocağının adını daim uca tutmağa, gələcəyimizin layiqli qurucuları olmağa səsləyib.
Tədbirdə ali təhsil müəssisəsini müvəffəqiyyətlə başa vuran məzunlara fərqlənmə diplomları, universitetin ictimai həyatında fərqlənən, mədəniyyət, incəsənət və idman sahəsində uğur qazanmış, LDU-da səmərəli fəaliyyətinə görə bir qrup müəllim və tələbəyə fəxri-fərman, diplom, sertifikat və təşəkkürnamələr, Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim edilib.
“Məzun günü” universitetin bədii özfəaliyyət kollektivinin ifasında mahnı və rəqslərlə davam edib.