Lənkəranda “Heydər Əliyev və gender siyasəti” mövzusunda tədbir keçirilib
Lənkəran, 18 aprel, İlkin Adıyev, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində Lənkəran Şəhər İcra Hakimiyyətinin və Vəkillər Kollegiyasının Qadın Vəkillər Alyansının birgə təşkilatçılığı ilə Lənkəranda “Heydər Əliyev və gender siyasəti” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbiri açan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Emin Quliyev Azərbaycanda həyata keçirilən gender siyasətinin əhəmiyyətindən, eləcə də Ulu Öndər Heydər Əliyev siyasətində bu sahəyə verilən önəmdən danışıb. Onun sözlərinə görə, gender bərabərliyi üçün hüquqi bazanın və ictimai-siyasi əsasların yaradılması, qadın hüquqlarının qorunması və qadınların cəmiyyət həyatının müxtəlif sahələrində yüksək fəallığının təmin edilməsi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib, bununla bağlı ardıcıl tədbirlər həyata keçirilir.
Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova vurğulayıb ki, Ümummilli Liderin müəllifi olduğu Konstitusiyada qadın və kişilər eyni hüquqlara malikdir. Bu isə ictimai-siyasi həyatın bütün sferalarında qadınların mövqelərinin möhkəmlənməsinə şərait yaradıb.
Daha sonra çıxış edən tanınmış qadın vəkillər Şəfiqə Nağıyeva, Elmira İsmayılova, Gülşən Salmanova, Leyla Məmmədova və digərləri Ulu Öndərin gender siyasəti barədə fikirlərini bölüşüblər. Bildirilib ki, Heydər Əliyevin sovetlər birliyi dönəmində də ölkəyə rəhbərlik etdiyi vaxtda gender bərabərliyi, qadınların elm, təhsil, mədəniyyət və digər sahələrdə rolunun artırılması, idarəetmənin müxtəlif istiqamətlərində fəal təmsil olunması onun şəxsi nəzarətində olub. Bununla yanaşı, üzərinə düşən vəzifələri layiqincə və müvəffəqiyyətlə yerinə yetirən, ölkənin inkişafına töhfə verən qadınların mükafatlandırılması və müxtəlif adlarla təltif olunması daim diqqət mərkəzində saxlanılıb.
Gender bərabərliyinin qorunması, qadınların ictimai-siyasi həyatda fəal iştirakının təmin olunması, eləcə də peşə fəaliyyətlərində fərqlənən qadınların mükafatlandırılması bu gün də ölkə rəhbərliyinin diqqətindədir.