Lənkəranda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş elmi konfrans
Lənkəran, 30 aprel, İlkin Adıyev, AZƏRTAC
Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzularında elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Ümummilli Lider öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olub. Heydər Əliyev bütöv xalqın taleyini yaşayıb, xalqın milli qüruruna, iftixarına və dünyada qəbul olunan rəmzinə çevrilib. Geniş bilik və dərin təfəkkür sahibi olan Ulu Öndər düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə ölkə ictimaiyyətini ciddi şəkildə düşündürən məsələləri uğurla həll edib. Taleh Qaraşov Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982 illərdəki dövrü ölkəmizin intibah dövrü olaraq səciyyələndirib.
Sonra konkret mövzular üzrə çıxışlar başlayıb. Lənkəran Dövlət Universitetinin (LDU) kafedra müdiri, dosent Kamal Mahmudov “Heydər Əliyev müasir Azərbaycan intibahının banisidir”, LDU-nun dekan müavini, dosent Müşfiq Bayramov “Heydər Əliyevin tarixi-mədəniyyət abidələrimizin qorunmasında rolu”, Ağsaqqallar Şurasının sədr müavini Güloğlan Bağırov “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”, Darquba kənd tam orta məktəbinin direktoru Mais Kazımov “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzularında geniş çıxış ediblər.
Bildirilib ki, Ulu Öndər cəmiyyətin həyatının müxtəlif sahələri arasındakı üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib və məharətlə həyata keçirib.
Konfransda vurğulanıb ki, demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşan müasir Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkül tapması, milli-mənəvi dəyərlərə qayıdış, elm, təhsil və mədəniyyətin tərəqqisi Heydər Əliyevin adı ilə bağlıdır. Onun həyata keçirdiyi genişmiqyaslı milli dövlət quruculuğu proqramı ölkəmizin bütün sahələrdə qazandığı uğur və nailiyyətlərin konseptual əsasını təşkil edib.