Lənkəranda yeni çay plantasiyaları salınır ВИДЕО




Lənkəran, 18 mart, İsmayıl Cəfərli, AZƏRTAC
“Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Lənkəran rayonunun ərazisində daha 1500 hektar sahədə yeni çay plantasiyalarının salınması nəzərdə tutulub. Hazırda bu istiqamətdə müvafiq işlər həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təsərrüfatlarda polietilen paketlərdə “Kolxida” çay toxumları əkilir. Təsərrüfatçı Dilbər Nəsirova deyir ki, çay bitkiləri oktyabr-noyabr aylarında sahələrə köçürülür. Bu, əziyyətli iş olsa da, bəhrəsini də görürlər.
30 ildən çoxdur çayçılıq sahəsində çalışan aqronom Mirağa Həsənovun sözlərinə görə, əkiləndən sonra çay bitkilərinə lazımi qaydada qulluq göstərilir, sahələr gübrələnir. Çay plantasiyalarının suvarılması üçün müasir suvarma sistemlərindən istifadə edilir. Əkin sahələrinə yaxın yerlərdə iri su hövzələrinin olması suvarılmanın vaxtında aparılmasına şərait yaradır. Bu isə mövsüm boyu sahələrdən bir neçə dəfə yaşıl çay yarpağı toplamağa imkan verir.
“May ayının əvvəlindən çay yarpağı yığmağa başlayırıq. Proses oktyabra qədər davam edir. Bu müddət ərzində 6 dəfə məhsul yığa bilirik”, - deyə o əlavə edir.
Qeyd edək ki, hazırda Lənkəranda 540 hektardan artıq çay plantasiyası var. Bunun təxminən 392 hektarından məhsul yığılır. 149 hektarı isə yeni salınıb. 2024-cü ildə rayonda 304,8 ton məhsul toplanıb.