Lerikdə koronavirus əleyhinə qabaqlayıcı profilaktik tədbirlər görülür
Lerik, 25 mart, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizin hər yerində olduğu kimi, Lerik rayonunda da Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVID-19) infeksiyasının rayon ərazisində yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tibbi profilaktik tədbirlər həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, koronavirusla mübarizə məqsədilə Lerik Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən xüsusi qərargah yaradılıb. Qərargah öz işini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və təlimatlarına uyğun olaraq qurub.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq ərazi icra nümayəndəliklərində təşkil edilmiş könüllülər qrupu, ərazi icra nümayəndələri, bələdiyyə üzvləri və aktiv gənclər cəlb edilməklə rayon ərazisində əhali, xüsusilə yaşı 65-dən yuxarı olan vətəndaşlar arasında maarifləndirmə işləri aparılır, küçələrdə və reklam lövhələrində mövcud qaydalar barədə məlumatlar yerləşdirilib.
Yaşlı insanların sosial-məişət problemləri öyrənilir və operativ şəkildə həllinə səy göstərilir. Elan olunmuş karantin qaydalarına tam şəkildə riayət olunması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Rayon ərazisində mövcud olan idarə və müəssisələrin inzibati binalarında, uşaq bağçalarında, təhsil müəssisələrində, məscidlərdə dezinfeksiya tədbirləri aparılır.
Lerik Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və digər iaşə müəssisələrinə koronavirus infeksiyasından qorunmağın qaydaları barədə hazırlanmış çap materialları paylanılır.
Bundan əlavə, digər maarifləndirici materiallar hazırlanaraq, rayon ərazisində olan çoxmənzilli yaşayış binalarının bloklarının giriş hissələrinə, ticarət obyektlərinə vurulur.
Rayonda koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilmiş xüsusi rejimin qaydalarına ciddi əməl edilir.