Leysan yağışları Seulda 4 min evi elektriksiz qoyub
Pekin, 14 iyul, AZƏRTAC
Cənubi Koreyada bir neçə gündür davam edən leysan yağışları paytaxt Seulda təxminən 4 min evin elektriklə təminatının kəsilməsinə səbəb olub.
AZƏRTAC Seul meriyasının məlumatına istinadla xəbər verir ki, paytaxtın Sodemun rayonunda kökündən qopan ağac yüksək gərginlikli elektrik xəttinin üzərinə düşüb. Dobonq rayonunda da güclü yağış səbəbindən elektrik təminatı dayandırılıb. Müvafiq qurumlar elektrik təchizatının bərpası üçün səfərbər olunub. Sodemun rayonunda isə avtomobil yolu çöküb. Gecə saatlarında Seulun əsas avtomobil yollarında hərəkət məhdudlaşıb. Şiddətli yağışlarla əlaqədar 134 nəfər təxliyə edilib.
Cənubi Koreyanın meteorologiya xidmətinin məlumatına əsasən, iyulun 14-də səhər tezdən bütün ölkə üzrə yağışlar yenidən intensivləşib. Bəzi bölgələrdə yağıntının miqdarının 200 millimetrə çatacağı proqnozlaşdırılıb.
Qeyd edək ki, iyulun 13-də Daxili İşlər Nazirliyi paytaxt Seulda da daxil olmaqla, ölkənin müxtəlif bölgələrində gözlənilən şiddətli yağışlarla əlaqədar ən yuxarı səviyyədə böhran xəbərdarlığı elan edib. Səlahiyyətli qurumlara, o cümlədən orduya leysan yağışlarının səbəb ola biləcəyi fəsadlara hazır olmaq tapşırılıb. Çay kənarında və dərələrdə yaşayanların təxliyəsinə başlanılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin