Litva portallarında Bakıda və Vilnüsdə yanvar hadisələri haqqında məqalələr yerləşdirilib
Vilnüs, 21 yanvar, AZƏRTAC
Biz dövlətlərimizin müstəqilliyi uğrunda canlarından keçmiş Litva və Azərbaycan oğullarının və qızlarının qarşısında baş əyirik. Bakı və Vilnüsdə taleyüklü yanvar hadisələrinin iştirakçıları dövlətlərimizin müstəqilliyinin bərpası aktlarını öz qanları ilə imzalayıblar. Onlar haqqında xatirələri ümumi dəyərlər və ideyalar birləşdirir.
Bu fikri “delfi.lt” və “lzinios.lt” xəbər portallarında Litva-Azərbaycan mədəni əlaqələrinin tədqiqatçısı, Litva Azərbaycanlıları İcmasının sədri Mahir Həmzəyev özünün “Bakı-Vilnüs: yanvar hadisələri azadlıq yolunda” sərlövhəli məqaləsində, habelə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev “alkas.lt” portalına müsahibəsində vurğulayıb.
Məqalələrdə müstəqilliyi günahsız insanların həyatı bahasına başa gələn Azərbaycan və Litva arasında tarixi paralellər aparılıb.
Müəlliflər yazırlar ki, bu günlərdə Azərbaycan xalqı öz Milli qəhrəmanlarını, Vətənin müdafiəçilərini və azadlıq uğrunda mübarizlərini alqışlayır, şəhidlərin xatirəsi qarşısında baş əyir, onların məzarlarına Vətən uğrunda mübarizənin və müstəqilliyin rəmzinə çevrilmiş milyonlarla qərənfil düzür.
M.Həmzəyev qeyd edir ki, Bakı və Vilnüs hadisələri olduqca oxşardır. Diaspor rəhbəri deyib: “Biz həm Bakıda, həm də Vilnüsdə barrikadalar gördük, çünki rəsmi Moskva İkinci Dünya müharibəsindən sonra ilk dəfə idi ki, silahsız insanlara qarşı ağır silah tətbiq edirdi. Bir mərkəzdən idarə edilən qanlı hadisələrin ümumi ssenarisi aşkar görünürdü”.
Diqqətə çatdırılıb ki, həm Litva, həm də Azərbaycan xalqları ağır itki veriblər, lakin iyirmi beş ildən çox sonra biz başa düşdük ki, 1990-cı ilin 20 Yanvarı və 1991-ci ilin 13 Yanvarı müvafiq olaraq Azərbaycan və Litvanın qələbə günüdür.
“Sizin və bizim azadlığımız naminə” - o zaman sanki Litvanın qədim tarixindən süzülərək gələn bu tarixi deviz müxtəlif millətlərin dilində səsləndi. Həmin tarixi günlərdə Litvanın müstəqilliyi naminə zərər çəkmiş insanların sırasında azərbaycanlılar, o cümlədən Vilnüsdən Famil Şükürov və Klaypedadan İlkin Dadaşov da olub. Onlar “13 yanvar” xatirə medalı ilə təltif ediliblər.
U.Mirzəyev qeyd edir ki, 1990-cı ilin yanvar hadisələri Azərbaycan xalqının azadlıq uğrunda mübarizəyə hazır olduğunu və imperiyanın tərkibində daha qala bilməyəcəyini göstərib. 1990-cı ilin yanvarında Sovet İttifaqı rəhbərliyi öz xalqına, Azərbaycanın dinc vətəndaşlarına qarşı qanlı cinayət törədib. Həmin günlərdə 147 nəfər ölüb, 700-dən çox adam yaralanıb.
Məqalənin sonunda M.Həmzəyev Litva şairi Alfonsas Bukontasın Fikrət Sadıqdan tərcümə etdiyi şeirlərdən birini verib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs