Los-Ancelesdə keçirilən konfransda Dağlıq Qarabağ münaqişəsi də müzakirə mövzusu olub
Los-Anceles, 17 aprel, AZƏRTAC
Aprelində 16-da ABŞ-ın Los-Anceles şəhərində beynəlxalq ekspertlərin, diplomatların və ictimai-siyasi xadimlərin iştirakı ilə keçirilən elmi konfransda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.
Loyola Marymount Universitetində keçirilən tədbir ABŞ-ın bir sıra mötəbər “beyin mərkəzləri” və universitetləri, o cümlədən Atlantik Şura, Los-Anceles Beynəlxalq Məsələlər Şurası, Cənubi Kaliforniya Universiteti və Çapman Universiteti tərəfindən təşkil olunub. Tədbirdə “beyin mərkəzləri”nin tanınmış mütəxəssisləri, Almaniya Bundestaqının üzvü və ATƏT-in Parlament Assambleyasının sədr müavini Doris Barnet, ABŞ və Avstraliyanın sabiq diplomatları, Cənubi Kaliforniya, Börkli, Çapman və Stanford universitetlərinin professorları iştirak ediblər.
Konfrans çərçivəsində mədəniyyətlərarası və qlobal kommunikasiya sahəsində tanınmış mütəxəssis Venşan Cianın moderatorluğu ilə Ermənistan-Azərbaycan münaqişəsi mövzusunda keçirilən paneldə Azərbaycan Milli Məclisinin deputatı Asim Mollazadə çıxış edib.
Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən zəbt edildiyini söyləyən deputat bu işğal faktının “dondurulmuş münaqişə”yə çevrilməsində əsas məsuliyyətin beynəlxalq təşkilatların üzərinə düşdüyünü bildirib. Qeyd edib ki, BMT, ATƏT kimi beynəlxalq təşkilatların Ermənistana təzyiq etməməsi rəsmi Yerevan tərəfindən işğalçı siyasətin davam etdirilməsinə rəvac verir. Bu vəziyyətdən sadəcə azərbaycanlı qaçqın və məcburi köçkünlər əziyyət çəkmir, eyni zamanda, ciddi sosial-iqtisadi böhranla üzləşən Ermənistan cəmiyyəti də mövcud işğalçı siyasətin qurbanına çevrilib.
Xocalı soyqırımı zamanı törədilən vəhşiliklərdən də bəhs edən A.Mollazadə Ermənistan tərəfindən azərbaycanlılara qarşı sistemli etnik təmizləmə siyasətinin aparıldığını vurğulayıb. Bildirib ki, bu gün bu münaqişədə real sülhə nail olmaq üçün ilk növbədə Ermənistan öz həqiqi müstəqilliyinə qovuşmalı, öz suveren iradəsini nümayiş etdirməyi bacarmalıdır. Əks təqdirdə, Ermənistan-Azərbaycan münaqişəsinin yaxın perspektivdə həlli qeyri-mümkündür.
A.Mollazadə qeyd edib ki, Azərbaycan qədim dövrlərdən bəri multikulturalizm diyarıdır. Burada bütün dini etiqadlar, o cümlədən müsəlmanlar, yəhudilər və xristianlar dostluq, qardaşlıq, qarşılıqlı hörmət şəraitində yaşayırlar.
Azərbaycanın apardığı xarici siyasət kursuna da toxunan deputat vurğulayıb ki, bölgə iqtisadiyyatının 80 faizini əhatə edən Azərbaycan öz müstəqil siyasətini inkişaf etdirir, regional və beynəlxalq səviyyədə çoxsaylı uğurlu layihələr həyata keçirir. Bu səpkidə Azərbaycan bir çox ölkələrin, o cümlədən ABŞ, Avropa və İsrailin enerji təhlükəsizliyinə ciddi töhfələr verir.
Çapman Universitetinin əməkdaşı Ceyms Koyl isə çıxışında ATƏT-in Minsk qrupunun fəaliyyətini kəskin şəkildə tənqid edərək, qrup tərəfindən indiyə qədər görülən işlərin, irəliyə sürülən təkliflərin heç bir nəticə vermədiyini, bu fəaliyyətin real sülhün təmin edilməsi baxımından yarıtmaz olduğunu qeyd edib. C.Koyl ATƏT-in Minsk qrupunun həmsədrlərindən ibarət hazırkı formatın uzun illər keçməsinə baxmayaraq, özünü doğrultmadığını vurğulayaraq, bu qrupa Türkiyə və Almaniyanın da həmsədr kimi daxil edilməsinin vacibliyini bildirib.
Çıxışlardan sonra iştirakçıların sualları cavablandırılıb.
Tədbirdə iştirak edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev konfransın təşkilatçılarına belə bir önəmli və aktual mövzuya diqqət yetirdiklərinə görə təşəkkürünü bildirib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Los-Anceles