“MAESTRO” – AzTV KANALINDA
Bakı, 25 sentyabr (AZƏRTAC). Azərbaycan televiziyasının əsas kanalı AzTV-də “Maestro” adlı yeni proqram yaradılmışdır. Proqramın ilk buraxılışı əlamətdar bir gündə - həmişəki kimi bu il də dahi Üzeyir Hacıbəylinin doğum günündə qeyd edilmiş Milli Musiqi bayramı münasibətilə efirə getmişdir. Proqramın aparıcısı, əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru Yalçın Adıgözəlov verilişə başlayarkən bildirmişdir ki, ilk növbədə gənclər üçün nəzərdə tutulmuş bu proqram klassik musiqiyə həsr edilmiş elmi və maarifçilik xarakterli silsilə verilişlərdən ibarət olacaqdır. Təəssüflə etiraf etməliyik ki, gənclərin çoxu ümumiyyətlə musiqinin, o cümlədən milli musiqinin tarixi ilə tanış deyil və ya az tanışdır. “Maestro” proqramı ilk növbədə bu boşluğu doldurmaqda gənclərimizə kömək edəcək və ikincisi, bu da çox vacibdir ki, dünyanın az qala bütün kanalları vasitəsilə gənclərə zorla sırınan və keyfiyyətinə heç də həmişə nəzarət edilməyən informasiya axınına ciddi cavab olacaqdır.
Beləliklə, “Maestro”. Proqramın ilk verilişinin qəhrəmanı kimi Azərbaycan mədəniyyətinin korifeyi professional musiqimizin banisi Üzeyir Hacıbəylinin seçilməsi tamamilə təbii idi. Televiziya tamaşaçılarına Şərqdə ilk opera olan “Leyli və Məcnun”dan, habelə Azərbaycan musiqi sənətinin zirvəsi sayılan “Koroğlu” operasından parçalar göstərildi. Həmin axşam görkəmli bəstəkarın “Arşın mal alan”, “O olmasın, bu olsun” musiqili komediyaları və digər əsərləri ilə bağlı arxiv materialları da televiziya ekranında nümayiş etdirildi.
Yalçın Adıgözəlov demişdir: - Bu silsilədə Qərbi Avropa və rus musiqisinin ən yaxşı nümunələrini, ən yaxşı ifaçıları və dirijorları da təqdim etmək nəzərdə tutulur. Buna görə də bizim yarım saatlıq ilk proqramımızın ikinci hissəsi Pyotr Çaykovskinin ecazkar musiqisinə həsr edilmişdir.
Sentyabrın 24-də bu maraqlı silsilənin növbəti, ikinci verilişi oldu. Həmin verilişdə görkəmli həmyerlimiz Qara Qarayev və onun böyuk müəllimi Dmitri Şostakoviç haqqında söhbət getdi. Qara Qarayevin simfonik əsərlərindən parçalar, onun “Don Kixot” və “Hamlet” kinofimlərinə yazdığı musiqi, balet əsərləri, “Leyli və Məcnun” simfonik poeması, təbii ki, böyük məmnuniyyətlə qarşılandı.
Həmin axşam “Maestro” proqramının ikinci bloku Şostakoviçin musiqisindən ibarət idi. Əsas partiyanı bənzərsiz Qalina Vişnevskayanın ifa etdiyi “Katerina İzmaylova” film-operasından fraqmentlərə tamaşa etdik. Sonra dahi dirijorlar Valeri Gergiyev və Yuri Temirkanov idarə etdiyi orkestrlərin ifasında bəstəkarın Yeddinci, Səkkizinci və Onuncu simfoniyalarından parçalar səsləndi.
Növbəti verilişdə televiziya tamaşaçıları maestro Niyazinin və Avstriya-Almaniya dirijorluq məktəbinin nümayəndəsi Herbert fon Karayanın dirijorluq məharəti ilə tanış olacaqlar.
Verilişlər silsiləsinin təşkilatçıları və ilk növbədə proqramın aparıcısı Yalçın Adıgözəlov sonrakı verilişlərdə Fikrət Əmirovun, Rimski-Korsakovun, habelə dünya musiqi mədəniyyətinin digər say-seçmə nümayəndələrinin yaradıcılığına müraciət etməyi planlaşdırırlar.
Ümid edirik ki, bu verilişlərin davamı olacaqdır.