MAGİSTRAL AVTOMOBİL YOLLARININ MÜHAFİZƏ ZOLAQLARININ YAŞILLAŞDIRILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasında magistral avtomobil yollarının tikintisi, bərpası və yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu yolların istismarında onların mühafizə zolaqlarının yaşıllaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Yolların mühafizə zolaqlarının yaşıllaşdırılması ilə onların külək və su eroziyasından mühafizəsi, ətraf mühitin sağlamlaşdırılması və avtomobil yollarının estetik görünüşünün yaxşılaşdırılması təmin ediləcəkdir.
Qeyd olunanları nəzərə alaraq, magistral avtomobil yollarının mühafizə zolaqlarında yaşıllaşdırmanı təmin etmək məqsədi ilə qərara alıram:
1. Magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması üçün Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 3,5 milyon (üç milyon beş yüz min) manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər bir bölgənin coğrafi şəraitini və iqlim xüsusiyyətlərini nəzərə alaraq, avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması üçün müvafiq əkin materiallarının seçilməsini, alınmasını və tədarükünü, habelə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə birlikdə əkilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə avtomobil yollarının mühafizə zolaqlarında salınmış yaşıllıqlara xidmətin göstərilməsini təşkil etsin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin ayrılmasını müəyyən olunmuş qaydada təmin etsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 oktyabr 2007-ci il.