Marneulidə yaşayan soydaşımız “Forbes”in “Sosial təsir kateqoriyası”nın qalibi olub
Tbilisi, 2 dekabr, AZƏRTAC
Marneulidə yaşayan soydaşımız Rəna Acalova “Forbes 30 Under 30” layihəsində “Sosial təsir kateqoriyası”nın qalibi olub.
AZƏRTAC xəbər verir ki, “Forbes” hər il olduğu kimi, bu il də istedadlı gənc liderləri tanıtmaq, onların uğurları başqalarına nümunə göstərmək və mükafatlandırmaq məqsədilə bu layihəni həyata keçirib. Bu dəfə sahə ekspertləri iştirakçıların sosial təsirini, yaradıcılığını və inkişaf potensialını qiymətləndiriblər. Bildirilir ki, Rəna Acalova 2017-ci ildə bacısı ilə birlikdə Marneuli bölgəsində təhsil imkanları yaratmaq, dil baryerlərini aradan qaldırmaq və müxtəlif insanlara imkanlar vermək məqsədilə “Lingua Təhsil Mərkəzi”ni təsis edib. Mərkəz dil kursları, ali məktəblərə hazırlıq proqramları təşkil edir və yerli icmada gənclərin bilik və bacarıqlarının artırılmasını nəzərdə tutan layihələr həyata keçirir.
“Forbes”in ekspertləri Rəna Acalovanı “Sosial təsir kateqoriyası”nda mükafata layiq görüblər.
R.Acalova deyir ki, belə bir nominasiyaya layiq görülməsi onun üçün böyük qürur və motivasiyadır. O, bu yolçuluqda iştirak edən hər kəsə minnətdarlığını bildirir. “Bu mükafat yalnız mənim üçün deyil, bütün komandamız üçün qürur mənbəyidir və onları daha çox çalışmaq və təsir yaratmaq üçün ruhlandırır”, - deyə R.Acalova bildirib.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi