Masallı sakini: Yaratdığım muzeyin ən dəyərli eksponatı şanlı Azərbaycan bayrağıdır
Masallı, 12 oktyabr, İsmayıl Cəfərli, AZƏRTAC
Masallı sakininin yaratdığı muzeydə çox dəyərli bir eksponat saxlanılır. Bu, şanlı Azərbaycan bayrağıdır, özü də vaxtilə Şuşa şəhər qərargahında dalğalanan bayraqdır.
AZƏRTAC xəbər verir ki, bu muzeyi təxminən 20 il əvvəl Xırmandalı kənd sakini Əmirəli Yaqubov yaradıb. Muzeydə olan eksponatlar əsasən qədimi məişət və təsərrüfat əşyalarıdır. Ümumilikdə burada olan eksponatların sayı 800-ə yaxındır. Lakin muzeydə qorunub saxlanılan ən dəyərli eksponat şanlı Azərbaycan bayrağıdır.
Bu haqda Əmirəli Yaqubov deyib: “Həmin bayraq o zaman müstəqillik illərində ilk buraxılan bayraqlardandır. Aidiyyəti qurumlar üçün bu bayraq buraxılıb. Məndə olan məlumata görə, bayraq Şuşa şəhərinin qərargahında olub. Şuşa işğal olunan vaxt bu bayraq bir əsgərin əlində olub, 7 il özündə saxlayıb. Qanlı-qadalı bütün döyüşlərdə iştirak edib. Bu bayraq mənə veriləndə üzərində qan ləkələri var idi. Sonra dərk elədim ki, hətta bu, şəhidlərin üzərinə örtülmüş bayraq olub”.
Üçrəngli bayrağımız 7 il əvvəl Əmirəli Yaqubova dostu tərəfindən hədiyyə edilib. 1992-ci ildə Şuşa şəhəri işğal edilərkən ermənilərin əlinə keçməsin deyə bir zabitin qoruyub saxladığı bayraq indi bu muzeydə saxlanılır. Əvvəlki illərdə məhz bu dəyərli eksponata görə muzeyə baş çəkənlər az olmayıb, lakin son dövrlərdə, xüsusən çağırışçılar və könüllü olaraq cəbhəyə döyüşməyə gedənlər şanlı bayrağa ziyarət etməyi özlərinə borc bilirlər. Bu hal Əmirəli kişini çox qürurlandırır və rəşadətli Azərbaycan Ordusunun qazandığı zəfərlərin nəticəsində arzusunun tezliklə gerçəkləşəcəyinə hər gün daha çox inanır.
Ən böyük arzusu barədə danışan Əmirəli Yaqubov: “Mən bu bayrağı gözüm kimi qoruyub saxlayıram. Arzum budur ki, Şuşa şəhərimiz işğaldan azad olsun, bu bayraq yenidən orada dalğalansın. Özüm aparsam, bir az daha arzum yerinə yetmiş olacaq. Yenilməz Ordumuzun terrorçu Ermənistan ordusuna verəcəyi layiqli cavabla bu mümkündür. Allah, Ordumuzu qorusun”.
Əmirəli kişinin bu işə böyük marağı olduğundan eksponatları da öz vəsaiti hesabına əldə edib. Muzeydəki fotostendlərdə Böyük Vətən müharibəsində həyatını itirən, eyni zamanda 1-ci Qarabağ müharibəsi zamanı şəhid olan Xırmandalı kənd sakinləri, onların medalları və haqlarında məlumatlar da var. Xırmandalı kənd Yaradıcılıq Evinin bədii rəhbəri olan Əmirəli Yaqubovun bizimlə söhbəti zamanı gözlərindəki sevinc hissi sezilirdi. Onun muzeyi yaradarkən əsas amalı tariximizi qoruyub gələcək nəsillərə ötürmək və vətənpərvərlik hissini aşılamaq idisə, indi məqsədinə çatmışdı.