MDB məkanında ombudsmanların səlahiyyətlərinin genişləndirilməsi təklif olunub
Bakı, 3 aprel, AZƏRTAC
MDB-nin İnsan Hüquqları Komissiyası ombudsmanların səlahiyyətlərinin genişləndirilməsini təklif edib.
AZƏRTAC Birliyin İcraiyyə Komitəsinin məlumatına istinadla xəbər verir ki, MDB-nin İnsan Hüquqları Komissiyasının sədri, Rusiya Federasiyasının ombudsmanı Tatyana Moskalkova dövlət funksiyalarını yerinə yetirən təşkilatlar tərəfindən vətəndaşların hüquqlarının pozulduğu təqdirdə ombudsmanların səlahiyyətlərinin genişləndirilməsi təklifi ilə çıxış edib.
MDB-nin İnsan Hüquqları Komissiyasının ekspertləri nümunəvi qanun layihəsində iştirakçı ölkələrin ombudsmanlarının səlahiyyətlərinin genişləndirilməsini, onlara səhiyyə və təhsil orqanlarının qanunsuz qərarlarına cavab vermək hüququ verilməsini təklif edirlər. Bu barədə Tatyana Moskalkova MDB Parlamentlərarası Assambleyasının sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının iclasında məlumat verib. Onun sözlərinə görə, komissiya böyük təkliflər paketi hazırlayıb və “İnsan hüquqları üzrə müvəkkilinin statusu haqqında” nümunəvi qanun layihəsinin yeni redaksiyası üzrə mühüm işlər görüb. Təkliflərdən biri də onunla bağlıdır ki, bu gün təkcə dövlət orqanları deyil, həm də dövlət funksiyalarını yerinə yetirən orqanlar qeyri-qanuni və əsassız qərarlar qəbul edə bilər. Buraya səhiyyə, təhsil orqanları, iqtisadi məsələlərlə məşğul olan strukturlar daxildir. İctimai nəzarət baxımından ombudsmanların onların qərarlarına nəzarət etməsi müsbət nəticələr verə bilər.
Bundan əlavə, komissiya üzvləri müvəkkilə şikayət verərkən vətəndaşların hüquqlarının təminatlarının genişləndirilməsi ilə bağlı dəyişikliklər edilməsini təklif edirlər. Onların fikrincə, rəqəmsallaşma əsrində ərizənin elektron formada verilməsi, hətta ərizəçi üçün şəxsi hesabın açılması formatından istifadə etmək çox vacib olardı.
Ekspertlərdən ibarət işçi qrupu ombudsmanın toxunulmazlığının gücləndirilməsi və əsassız prosessual hərəkətlərdən qorunması ilə bağlı dəyişikliklər də təklif edib. Moskalkova deyib: “Bu təkliflər insan və vətəndaş hüquqlarının təminatlarını gücləndirəcək və ombudsmanların istifadə etdiyi alətləri genişləndirəcək”.