MDU-nun şəhid məzununa məxsus Azərbaycan bayrağı qardaş Türkiyənin muzeyində
Mingəçevir, 20 noyabr, Vüsalə Cənnətova, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış məzunu Əzəmi Hüseynovun ev-muzeyində qorunan Azərbaycan bayrağı Türkiyənin İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetinin Bayrakbilim və Türk Bayraqları Muzeyinə hədiyyə edilib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, bayraq şəhidin anası Sayad Hüseynova tərəfindən universitetə təqdim olunub və muzeyə aparılması üçün rəsmi şəkildə təhvil verilib. Şəhid anası bu addımın həm oğlunun əziz xatirəsinə ehtiramın, həm də Azərbaycan–Türkiyə qardaşlığının rəmzi olduğunu vurğulayıb. O, təşəbbüsün qardaş ölkədə layiqli şəkildə qarşılanmasından qürur duyduğunu bildirib.
Türkiyədə işgüzar səfərdə olan MDU-nun nümayəndə heyəti bayrağı Dokuz Eylül Universitetinin rəhbərliyinə təqdim edib. Hədiyyəni prorektor professor Dilşen İnce Erdoğan və Beynəlxalq Əməkdaşlıq Ofisinin müdiri professor Mübeccel Danu Durukan Salı qəbul edib, bayrağın Türk Bayraqları Muzeyində xüsusi guşədə sərgilənəcəyini bildiriblər.
Universitet rəhbərliyi MDU-nun rektoru Anar Eminova və şəhidin anası Sayad Hüseynovaya təşəkkürnamə təqdim edərək iki ali təhsil müəssisəsi arasında humanitar və mədəni əməkdaşlığın daha da genişlənəcəyinə əminliklərini ifadə edib. Vurğulanıb ki, Mingəçevir Dövlət Universiteti bu dəyərli təşəbbüs vasitəsilə həm şəhidin ruhuna ehtiramını, həm də “Bir millət, iki dövlət” birliyinin sarsılmazlığını bir daha nümayiş etdirir.