MƏCBURİ KÖÇKÜNLƏR ABAD EVLƏRƏ KÖÇÜRLƏR
Ombudsman aparatından AZƏRTAC-a bildirmişlər ki, qaçqın düşərgəsində əvvəllər 1290 ailə sığınacaq tapmışdısa, hazırda burada cəmi 62 ailə yaşayır. Belə ki, 294 ailə Füzuli rayonu ərazisindəki Harami düzündə salınmış “Qayıdış” qəsəbəsinə, 10 ailə isə Biləsuvar rayonunda tikilmiş daş evlərə köçürülmüşdür. Saatlı-1 çadır şəhərciyində məskunlaşmış Cəbrayıl, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Şuşa, Xocalı və Ağdam bölgələrindən olan 62 ailənin də gələcəkdə daş evlərə kökürülməsi nəzərdə tutulmuşdur.
Saatlı-1 çadır şəhərciyinə bundan əvvəlki səfərindən sonra insan hüquqları üzrə müvəkkil yaşayış üçün ekoloji cəhətdən zərərli olan bu düşərgənin ləğv edilməsinin zəruriliyi barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova məktub göndərmişdi. Artıq bu istiqamətdə mühüm addımlar atılmış, nəticədə daha bir çadır şəhərciyi ləğv edilməkdədir. İndi həmin sahədən kənd təsərrüfatı məhsulları istehsal etmək üçün istifadə olunacaqdır.
Ombudsman Saatlı şəhərindən üç kilometr aralıda salınmış yeni, müasir qəsəbə ilə də tanış olmuşdur. Burada tikilməkdə olan daş evlərdə daha 100 məcburi köçkün ailəsi məskunlaşacaqdır. Qəsəbədə məktəb binası, xəstəxana, poçt və başqa məişət xidməti obyektləri tikiləcək, digər sosial problemlər həll ediləcəkdir.