Mehmet Ali Beyhan: Qubadakı kütləvi məzarlıqda burada törədilən soyqırımının sübutlarını gördük
Quba, 9 aprel, Elxan Yusifli, AZƏRTAC
Biz bu gün Qubada bəşəriyyətə qarşı yönəlmiş kütləvi bir məzarlığı ziyarət etdik. Çox təəssüf ki, müasir dövrdə bir çox dövlət adamları, hərbçilər və siyasətçilər tarixi hadisələrə qiymət verməyə, insanların keçmişdə olanlar haqqında fikirlərini yönləndirməyə çalışırlar. Amma onlar unutmamalıdırlar ki, tarixi hadisələrin baş verdiyi əraziləri yox etmək mümkün deyil. Tarixi düzgün yazmaq elm adamlarının üzərinə düşən vəzifədir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” mövzusunda Qubada keçirilən II Beynəlxalq elmi konfransın təşkilatçılarından olan Türkiyə Respublikası Nazirlər Kabineti yanında Atatürk Mədəniyyət, Dil və Tarix İdarəsi Atatürk Araşdırma Mərkəzinin rəhbəri Mehmet Ali Beyhan deyib.
O, qeyd edib ki, Türkiyənin Anadolu ərazisində, Azərbaycan torpaqlarında böyük qırğınlar, dağıntılar və soyqırımlar törədilib: “Biz Qubadakı kütləvi məzarlıqda burada törədilən soyqırımının sübutlarını gördük. Ümid edirəm ki, insanlıq bu faciələrdən dərs götürəcək və oxşar hadisələrin bundan sonra təkrarlanmasının qarşısı vaxtında alınacaq”.