Məktəblilər azərbaycanlılara qarşı törədilmiş soyqırımları haqqında ətraflı məlumat əldə ediblər
Quba, 7 iyul, Elxan Yusifli, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalib olan "Həm öyrənək, həm dincələk!" layihəsinin iştirakçısı olan 100-ə yaxın şagird Quba Soyqırımı Memorial Kompleksində azərbaycanlılara qarşı törədilmiş soyqırımları haqqında ətraflı məlumat əldə edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizin müxtəlif bölgələrindən olan istedadlı məktəblilərə əvvəlcə kompleks barədə məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Məktəblilər, həmçinin “Qoruq və muzeylərin təbliğində bələdçinin rolu və şəxsi örnək”, “Bələdçi olmaq üçün nələri bilməliyik?” mövzularında da maarifləniblər.
Sonda təlim iştirakçılarına sertifikat və bukletlər təqdim olunub.