Məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında gümüş və bürünc medallar qazanıblar
Bakı, 22 avqust, AZƏRTAC
Moldovanın paytaxtı Kişineu şəhərində Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (EJOI 2024) keçirilib.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Bakı şəhəri 157 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Həsən Vəliyev gümüş, Bakı Türk Anadolu Liseyinin 9-cu sinif şagirdi Əhməd Qənbərli və Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Muhammedali Əhmədov bürünc medal qazanıblar.
Məktəblilərimiz sözügedən olimpiadada 2017-ci ildən iştirak edirlər və bu vaxta kimi 4 gümüş, 8 bürünc medal qazanıblar.
Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC və Təhsil İnstitutunun əməkdaşlığı çərçivəsində həyata keçirilir. İndiyədək ölkə üzrə fərqli yaş qruplarından olan şagirdlərimiz müxtəlif miqyasda keçirilmiş proqramlaşdırma müsabiqələrində ümumilikdə 77 medal qazanıblar.