Məmməd Musayev: Məhkəmə-hüquq sistemində aparılan islahatlar sahibkarlığın inkişafı baxımından önəmlidir
Bakı, 14 iyul, AZƏRTAC
Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımların tərkib hissəsi kimi məhkəmə-hüquq sistemində aparılan islahatlar sahibkarlığın inkişafı baxımından kifayət qədər önəmlidir. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilib. Ən mütərəqqi islahatlarla məhkəmə sistemi formalaşdırılıb, məhkəmənin müstəqilliyi təmin edilib. Özəlləşdirmənin həyata keçirildiyi, mülkiyyət hüququnun tanınması istiqamətində çoxsaylı problemlərin mövcud olduğu bir zamanda bu institutsional islahatların həyata keçirilməsi özəl sektorun yaranması və inkişafı üçün mühüm addım idi.
AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 14-də Ali Məhkəmə tərəfindən keçirilən “Femida Dialoq Platforması” çərçivəsində sahibkarlarla görüşdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərkən deyib.
Diqqətə çatdırıb ki, 2019-cu ildə dövlətimizin başçısı İlham Əliyevin imzaladığı “Məhkəmə hüquq islahatlarının dərinləşdirilməsi” ilə bağlı Fərman məhkəmə sistemində aparılan islahatların keyfiyyətcə yeni bir mərhələyə keçməsinin əsasını qoydu. Bu Fərmanla Azərbaycan Sahibkarlar Konfederasiyasına iki məsələ ilə bağlı tapşırıqlar verilib. Bunlardan biri Arbitraj, digəri isə kommersiya işlərinə baxılmasının keyfiyyətinin artırılması ilə bağlı idi. Konfederasiya hər iki məsələ ilə bağlı öz təkliflərini hazırlayaraq təqdim etdi. Beləliklə, əvvəllər inzibati və iqtisad məhkəmələri birlikdə idi, sonra onlar bölündü, mübahisələrin alternativ həlli üçün Mediasiya institutu yaradıldı, “Mülki-prosessual məcəllə”yə müvafiq dəyişikliklər edildi. Məhkəmələrin elektronlaşdırılması həyata keçirildi və məhkəmə hüquq sistemində işlərə baxılması qaydaları sadələşdirilməklə bərabər, operativləşməsi də təmin edildi.
“Femida Dialoq Platforması” çərçivəsində növbəti dialoqun sahibkarlarla keçirilməsi məhkəmə-hüquq sisteminin sahibkarlara və özəl biznesə olan müsbət münasibətinin göstəricisidir. Bu, dövlət-özəl dialoqunun ayrılmaz hissəsidir. Ümid edirik ki, dialoqun nəticəsi olaraq sahibkarların məhkəmə sistemində qarşılaşdıqları çətinliklərin həlli ilə bağlı çevik qərarlar qəbul ediləcək. Sahibkarlardan isə xahiş edirik ki, sahibkarlıq və məhkəmə-hüquq sisteminin gələcək əməkdaşlığı ilə bağlı daha konkret və əhatəli mövzular üzrə sistemli məsələləri qaldırsınlar. Sizləri maraqlandıran özəl və ya spesifik suallar olarsa, bu barədə müraciətləri Azərbaycan Sahibkarlar Konfederasiyasına təqdim edə bilərsiniz və biz gələcək mütəmadi əməkdaşlıq çərçivəsində bu məsələləri Ali Məhkəmə ilə birlikdə araşdıracağıq”, - deyə Məmməd Musayev qeyd edib.