MƏDƏNİYYƏT
Mərakeşli media nümayəndələri Azərbaycana viza rejiminin aradan qaldırılmasından məmnunluq ifadə ediblər
Rabat, 28 avqust, Çüayib Brhadda, AZƏRTAC
Mərakeş vətəndaşları Azərbaycana daxil olarkən viza rejiminin aradan qaldırılmasını çox müsbət qarşılayıblar. Həmçinin mərakeşli media nümayəndələri Azərbaycana viza rejiminin aradan qaldırılmasından məmnunluq ifadə ediblər.
AZƏRTAC-a müsahibə verən mərakeşli media nümayəndələrindən biri olan fransızdilli “Əl-Sabah” qəzetinin regional müxbiri Driss Lyakubi bildirib ki, bununla da hər iki ölkənin vətəndaşları zəngin tarixi, mədəni və təbii resurslardan istifadə edə biləcəklər: “Viza rejiminin aradan qaldırılması ölkələrimiz arasındakı iqtisadi və sosial münasibətlərə də müsbət təsir göstərəcək”.
Mərakeş Nəşriyyatçılar və Media Peşəkarları Assosiasiyasının baş katibi Xədicə Korçi də viza rejiminin aradan qaldırılmasını müsbət qiymətləndirib.
Media məsləhətçisi və jurnalistika təlimi sahəsində ekspert Hassan Elyousfi Lemrhari isə deyib ki, Şərqlə Qərbin kəsişməsində yerləşən Mərakeşə səfər edə bilmək imkanı azərbaycanlılar üçün də çox müsbət bir haldır.
Elyousfi qeyd edib ki, bununla da Mərakeş vətəndaşlarının Azərbaycana səyahətində artım müşahidə olunacaq.
Audiovizual media sahəsində mütəxəssis Mohamed Siraj Al-Daou iki ölkənin hökumətləri arasında razılaşmanı çox yaxşı qərar kimi qiymətləndirib.