“Mif və atavizmlər: qədim inancların və bioloji izlərin paralelləri” - elmi seminar
Bakı, 27 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının təşkilatçılığı ilə elmi seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, seminarda kafedranın dosenti Könül Həsənova “Mif və atavizm: qədim inancların və bioloji izlərin paralelləri” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə insanın yalnız sosial və şüurlu varlıq deyil, eyni zamanda, milyon illik təkamül prosesinin məhsulu kimi genetik və bioloji yaddaş daşıyıcısı olduğu vurğulanıb. Bildirilib ki, müasir genetika insan genomunda təkamül izlərinin qorunduğunu təsdiqləyir və bəzi hallarda əcdadi xüsusiyyətlərin yenidən üzə çıxması müşahidə olunur. Bu hadisə atavizm adlandırılır.
Dosent mifologiyanın insanın dünyanı izah etmək üçün yaratdığı ilkin metafizik model, elmin isə bu izahın rasional və empirik mərhələsi olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, mif və elm bir-birinə zidd deyil, insan təfəkkürünün müxtəlif inkişaf mərhələlərini əks etdirir.
Türk folklorundakı hibrid varlıqlar - Təpəgöz, Yalmavuz, Əjdaha və digərləri arxaik kollektiv yaddaşın simvolik ifadəsi kimi şərh olunub. Təpəgöz obrazının bioloji deyil, psixomədəni atavizm nümunəsi olduğu, onun ilkin insanın təhlükə, xaos və yırtıcı qorxusu ilə bağlı şüuraltı yaddaşını əks etdirdiyi bildirilib.
Qeyd olunub ki, mif və atavizm insan keçmişinin həm bioloji, həm də mədəni qatlarda qorunub saxlanmasını göstərir. Mifoloji mətnlər insanın arxaik yaddaşının simvolik ifadəsi kimi dəyərləndirilməlidir.