MƏDƏNİYYƏT
Milanın “La Skala” teatrı mövsümü Verdinin operası ilə açır
Bakı, 8 dekabr, AZƏRTAC
Milanın hamisi Müqəddəs Ambrozi Mediolanumlu Günündə - dekabrın 7-də “La Skala” teatrı ənənəvi olaraq mövsümü açıq elan edir. 2023-2024-cü illər mövsümünün açılışı münasibətilə keçirilən təntənəli axşamda Cüzeppe Verdinin “Don Karlos” operasının premyerası olub.
AZƏRTAC xəbər verir ki, bu premyera ölkənin biznes və siyasi elitasının təqvimində əlamətdar hadisədir. Bu tədbir italyan opera sənətinin Birləşmiş Millətlər Təşkilatının mədəni irs siyahısına daxil edildiyi axşamın ertəsi günü baş tutub.
Alman yazıçısı Fridrix Şillerin pyesi əsasında bəstələnmiş opera XVI əsr ispan Kralı II Filipp və onun oğlu Don Karlosun tarixçəsindən bəhs edir. Onların ikisi də bir qadınla - Elizabet Valua ilə evlənmək istəyirdilər.
Operanın üç saatlıq aksiyası katolik II Filippin Hollandiyaya təzyiqi fonunda baş verir. İspan rejissor Luis Paskual müasirliklə paralellər aparır. Rejissor Avropanın bir çox teatrlarında, Zalsburq festivalında tamaşalar qoyub, nüfuzlu mükafatların laureatıdır.
Qeyd edək ki, “Don Karlos” Cüzeppe Verdinin ən uzun operasıdır və onun quruluşu üçün ən yüksək səviyyəli opera müğənnilərinin böyük kollektivi tələb olunur. II Filippin partiyasını italyan müğənnisi Mişel Pertusi səsləndirib, onun həyat yoldaşı Elizabet Valua rolunu lirik-dramatik soprano Anna Netrebko, İspaniyanın infantı rolunu italyan tenor Françesko Meli ifa edib. Böyük inkvizitor rolunu Cənubi Koreyadan olan müğənni Çonqmin Park, Şahzadə Eboli rolunu isə latviyalı mezzo-soprano Elina Qarança ifa edib. Rodriqo rolunda italyan bariton Luka Salsi çıxış edib.
“La Skala” teatrının orkestrinə maestro Rikkardo Çailli dirijorluq edib. Teatrın baş dirijoru və musiqi direktoru Verdinin əsərinin 1884-cü ildə “La Skala” üçün xüsusi olaraq yazılmış variantını seçib.
Çailli bu operanı bəstəkarın həyatındakı ən mühüm əsər adlandırıb. O deyib: "Don Karlos” Verdinin Müqəddəs İncilidir".