İQTİSADİYYAT
Milli CERT-in digər ölkələrlə əməkdaşlığının inkişaf etdirilməsi nəzərdə tutulur - Açıqlama
![Milli CERT-in digər ölkələrlə əməkdaşlığının inkişaf etdirilməsi nəzərdə tutulur - Açıqlama](/files/2023/2/1200x630/1693316046264338566_1200x630.jpeg)
Bakı, 29 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası” təsdiqlənib. Bu Strategiya ölkədə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində fəaliyyətin əsas məqsədlərini, prinsiplərini, istiqamətlərini və prioritet vəzifələrini müəyyən edir.
Bu barədə AZƏRTAC-a açıqlamasında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) sektor müdiri Ləman Hüseynzadə deyib.
Bildirib ki, strategiyanın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planında 9 prioritet istiqamət üzrə 2023-2027-ci illər ərzində konkret tədbirlərin görülməsi nəzərdə tutulur.
Qeyd edək ki, Elektron Təhlükəsizlik Xidməti Təhlükəsizlik üzrə Əməliyyat Mərkəzinin yaradılması, Milli Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) ilə digər CERT-lər arasında vahid məlumatlandırma mexanizmlərinin qurulması, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, təhdidlərin qiymətləndirilməsi və qarşısının alınması yollarını müəyyənetmə sahəsində dövlət-özəl koordinasiya və məsləhətləşmə platformalarının qurulması istiqamətində tədbirlər həyata keçirəcək.
Həmçinin Elektron Təhlükəsizlik Xidməti ölkə səviyyəsində kibertəhlükəsizliyin təmin edilməsi istiqamətində informasiya mübadiləsi və qarşılıqlı əməkdaşlıq sahəsində vahid platforma, eləcə də təhdidlərə və hücumlara qarşı erkən xəbərdarlıq və cavabvermə imkanları formalaşdıracaq.
“Həmçinin informasiya təhlükəsizliyi subyektləri, o cümlədən Milli CERT-in digər ölkələrin CERT-ləri ilə əməkdaşlığının inkişaf etdirilməsi nəzərdə tutulur. Qeyd olunanlarla yanaşı, strategiya ilə müəyyənləşdirilmiş digər istiqamətlər üzrə qurum tərəfindən müvafiq tədbirlər həyata keçiriləcək”, - deyə sektor müdiri bildirib.