Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli fəlsəfənin “piltələrinin tektonikası”

Milli fəlsəfənin “piltələrinin tektonikası”

Bakı, 1 mart, AZƏRTAC

Təbiət və insan arasında oxşarlıqlar, hətta eyniyyət çoxdur. Onlar bir-birini bəzən tamamlayır, bəzən də izah edir. Hələ XIX əsrin əvvəllərində (1829-cu il) fransız geoloq Jan Batist Eli de Bomon Yer kürəsinin həcminin kiçildiyi - kontraksiya hipotezini irəli sürmüşdü. Ondan təqribən bir əsr sonra XX əsrin əvvəllərində Yer kürəsinin genişlənməsi hipotezi yarandı. XX əsrin 20-ci illərində isə Alfred Veqener piltələr tektonikası nəzəriyyəsi ilə bir növ hər iki hipotezə nöqtə qoydu: Yer kürəsi ayrı-ayrı litosfer piltələrdən ibarətdir və onlar daim hərəkətdədir. Burada vacib məqamlardan biri də bu idi ki, Yer kürəsinin içində hansı proseslər gedirsə getsin, onun həcmi, kütləsi, cazibə qüvvəsi dəyişmir. Əslində, hər biri böyük şərh tələb edən bu hipotezləri, nəzəriyyələri biz fəlsəfi təhlilə keçid etmək üçün yalnız qısa şəkildə xatırlatdıq.

Bu fikirlər AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin AZƏRTAC-a təqdim etdiyi məqalədə yer alıb.

Məqalədə bildirilir ki, düşüncə tarixinə baxanda insan təfəkkürünün də sanki bəzən “genişləndiyinin”, müasir terminlə desək, qloballaşdığının, bəzən də əksinə, “sıxıldığının” - ayrı-ayrı millətlər simasında özünü büruzə verdiyinin, qlokallaşdığının şahidi oluruq. Başqa sözlə desək, bir var insan öz kimliyini, identikliyini düşünür, bir də var hamı kimi düşünməyə məcbur edilir. Bir var insan öz dəyərləri uğrunda mübarizə aparır, onları qoruyur, bir də var hamı üçün ortaq dəyərlər sistemi təyin edilir və hər kəs onun üçün çalışır, hətta öz dəyərini də onun yolunda qurban verməli olur. Dediklərimizdə bir incə məqama aydınlıq gətirək. Bir insan deyəndə həm də onun təmsil etdiyi millət, dövlət nəzərdə tutulur. Hamı deyəndə isə bir ideologiya, yaxud bir proses ətrafında toplanmış daha çox millət, bəzi hallarda az qala dünyanın hər yeri nəzərdə tutulur. Düzdür, hamını birləşdirən həmin ideologiyanın müəllifi də əksər hallarda bir şəxs və həmin şəxsin öz millətinin, yaxud öz dövlətinin marağına xidməti olur. Sadəcə önə çıxan bütöv proses olduğuna görə çox güclü təsir qüvvəsi olur. Fəlsəfə tarixinin tədqiqindən belə məlum olur ki, imperiyalar yaranıb müəyyən ideologiya diktə olunanda, yeni dinlər nazil olub əhali sözlə, yaxud qılıncla bu inanca, prinsiplərə çağırılanda, hər hansı cərəyan yaranıb digər düşüncə istiqamətlərini öz içində əridəndə düşüncələrin “genişlənməsi” baş verib. Qlobal proseslər gedir, millətlər, dövlətlər vahid prinsiplər, dəyərlər ətrafında xoşluqla və ya məcburən cəmləşdirilir, onlara eyni düşünməyi, eyni dəyərlərə xidmət etməyi “öyrətmək” üçün istər sərt, istərsə də yumşaq güclər işə salınır. Nəticədə insanlar öz milli kimlik çərçivəsindən çıxarılır, hələ tanımadığı qeyri-müəyyən şərtlərlə yaşamağa sövq edilir. Burada açar kəlmə kimi məhz “çərçivə” götürülür və bütün atılan addımlar xilas kimi qələmə verilir.

Müəyyən müddətdən sonra bu güclü dalğa zəifləyir, süni şəkildə şişirdilmiş düşüncələr yenidən öz orijinal halına qayıdır - insanlar öz milli kimliyini təkrar görüb dərk etməyə başlayırlar. Beləcə düşüncələrdə kontraksiya prosesi başlayır - hər millət öz nüvəsi ətrafında sıxılıb möhkəmlənir. Yeri gəlmişkən, müasir dövrdə bu prosesin görünən pik məqamlarından biri Brexit hadisəsidir desək, yəqin ki yanılmarıq. Burada əhəmiyyətli bir məqamı təkrar xatırladaq - genişlənmə və sıxılma ümumi həcmə, kütləyə təsir etmir, yəni millət həmin millət olaraq qalır. Təbii ki, öz kimliyini qoruyub saxlaya bilərsə, baş verən hadisələr zamanı tamamilə assimilyasiyaya uğrayıb yox olmazsa.

Bu qanunauyğunluğu təməl prinsip kimi götürərək, müasir dövrdə qloballaşma prosesindən, Qərbin demokratiya “diktəsindən” sonra millətlərin təkrar öz identikliklərinə geri dönmək, öz orijinal kimliyini dərk etmək istəklərini nəzərə alaraq biz də Azərbaycanın düşüncə tarixinə qısa bir ekskurs edib, milli fəlsəfənin bəzi tərəflərinə işıq salmağa çalışaq. Nəyə dönək? Geri dönmək başqalarından geri qalmaq deyilmi?

Milli fəlsəfənin kökü

Statistik məlumatlara görə, Yer üzündə təqribən 2000-dən çox millət yaşayır, onlardan təqribən 200-nün dövləti var. Bununla belə, dövlətinin varlığından, yoxluğundan asılı olmadan hər millət öz tarixinin qədimliyini təsdiq etmək üçün mütləq özünün folkloruna, eposlarına müraciət edir, tarixi salnamələrdə adını axtarır, yəni millətin varlığının sübutu hər hansı müəllifin yazdığı traktatdan daha çox millətin təfəkküründən süzülüb gələn yaradıcılıqdadır. Simvolik dillə desək, bu, hər bir millətin dəyişməyən, bitməyən xəzinəsidir və tarixin istənilən sınağından sonra təkrar özünü doğrultmağın, digər millətlər arasında özünü təsdiq etməyin təkanıdır. Bəli, fəlsəfə universal həqiqətləri öyrənir və onun milliyyəti yoxdur, ancaq həmin fəlsəfənin müəllifinin milliyyəti var. Milli təməl üzərində ümumbəşəri bir fəlsəfənin, yoxsa bir cəmiyyətin gündəlik maraqlarına xidmət edən bir proqramın yazılması həmin filosofun düşüncə səviyyəsindən asılıdır. Məsələn, hər nə qədər Hegel dünya fəlsəfəsinin zirvələrindən biri olsa da, onu maraqlandıran, ilk növbədə, öz xalqı olub və o, öz xalqının mənəviyyatının, düşüncəsinin inkişafı üçün çalışıb. Bir qeydində yazdığı kimi, “alman həyatı indiki vəziyyətində qala bilməz, çünki hər şey bütün qüvvəsini, bütün ləyaqətini itirib, nə isə mənfi bir hadisəyə çevrilib”. Yaxud dahi bəstəkar Rixard Vaqner dünyanı fəth edən musiqisini məhz alman təfəkkürü üzərində qurmuşdu. Deməli, tarixdə qalan mütəfəkkirlərin ümumbəşəri ideyaları olsa da, əhəmiyyətli olan bu ideyaların milli təməli, köküdür. Təbii ki, təməl nə qədər möhkəm, sabit, zəngin olarsa, üzərində qurulan abidə də bir o qədər möhtəşəm olar. Hər insanın və ya cəmiyyətin müəyyən təməl prinsipləri var ki, nəsildən-nəslə keçir, həmin xalqın varlığını və orijinallığını qoruyub saxlayır. Başqa sözlə desək, hər yeni doğulan uşaq artıq bu dəyərlər içərisində doğulur və onlara sahib olur. Məsələn, yaponlar öz cavanlarının bəzən Qərb dəyərlərinə meyil etmələrinə, qərbləşmək həvəslərinə rahat reaksiya verirlər. Çünki haqlı olaraq düşünürlər ki, şintonun (yaponların milli inanc sistemi) prinsipləri o dərəcədə möhkəm və sabitdir və o dərəcədə yaponların qanına hopub ki, onlar gec-tez mütləq öz köklərinə qayıdacaqlar, yəni başlanğıc, təməl düzgün qoyulduğuna görə nəticədən əmindirlər. Deməli, möhkəm təməl nəinki dayanıqlı divar, həm də əyrini-düzü obyektiv şəkildə dəyərləndirmək imkanı, ən vacibi isə yenilikləri qəbul edə bilmək bacarığı deməkdir. 

Azərbaycan xalqının varlığını sübut edən yalnız onun öz müstəqil dövlətinin olması deyil, həm də qədim eposları, dastanları, zəngin folklorudur. Bir sözlə desək, bu xalqın dərin kökü, tükənməyən xəzinəsi var və onun milli dəyərlərini dərk etmək, milli ruhunun əzmini tanımaq üçün bu kökün mahiyyətinə müraciət etmək lazımdır. Bu səbəbdən istər “Kitabi-Dədə Qorqud”a, istər muğamlara, istərsə də milli ruhun daşıyıcısı olan başqa sənət nümunələrinə dövlət səviyyəsində qayğı göstərilir.

Yeri gəlmişkən, onu da qeyd edək ki, milli dəyərlər həm də bir növ bəşəriyyətin ümumi dəyərlərinin bir hissəsidir və bu səbəbdən onlardan xüsusilə əhəmiyyətli olanlar beynəlxalq səviyyədə qorunur, gələcək nəsillərə çatdırılması üçün diqqət göstərilir. Çünki bunlar, amerikan şair Ezra Paundun Nobel mükafatı alan Rabindranat Taqor haqqında dediyi kimi, “...unudulan müdrik həqiqətləri bir daha хatırladırlar”. Bu sırada Azərbaycan xalqına məxsus yaradıcılıq da var. Xatırladaq ki, həm “Kitabi-Dədə Qorqud”, həm də muğam UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Yaxud 1977-ci ildə NASA-nın Voyager 1 (20 Avqust) və 2 (5 Sentyabr) peykləri ilə kosmosa göndərdiyi “Yerin səsləri” sırasında Azərbaycan muğamı da olub.

Dediklərimizdə vurğulamaq istədiyimiz bir məqam var. Xalqın düşüncə tarixi ilə yanaşı, inkişaf yolu keçmiş xalq yaradıcılığı matrisa kimi özündə bir çox ideyanın rüşeymini ehtiva edir və onlar üzərində qurulan hər bir fəlsəfi nəzəriyyə, fəlsəfi prinsip milli ruhun təzahürüdür. Okeanın dibində balıqqulağının içinə kiçik qum dənəsi düşməsə, zamanla onun üzərinə qatlar gəlib bir inci dənəsi yaranmaz. Deməli, milli nüvəsi olmasa, müasir düşüncələrin meydana gətirdiyi hər bir əsər bijuteriyadan başqa bir şey olmayacaq. Təsadüfi deyil ki, Nitsşe Vaqnerdən ilhamlanaraq belə hesab edirdi ki, miflər və əfsanələr millətin ruhunu ehtiva edir və ondan doğulan möhtəşəm alman musiqisi - “Baxdan Betxovenə, Betxovendən Vaqnerə gedən günəş qaçışı” elə həmin millətin ruhunu oyadacaq bir qüvvədir”. Şərt heç də həmin yaradıcılıq haqqında yazmaq, onu təhlil etmək deyil. Şərt onlardakı milli dəyərləri dərk etməklə müasir dövrün tələblərinə uyğun ideyalar irəli sürmək, ümumbəşəri miqyasa çıxıb orada da öz millətinin identikliyini qorumaqdır.

Sabit özək və dəyişən formalar

Tarixdə unudulan millətlər də çoxdur - düşüncələri davam etməyən və bu səbəbdən ruhu da məhvə düçar olan, buna görə də zamanın yalnız müəyyən dilimində var olub, yoxluğa qovuşan millətlər də. Deməli, ruhun yaşaması üçün düşüncənin daim cilalanması, düşüncələrin “genişlənməsi” zamanı güclü ideya xaosu arasında əriyib yox olmaması, yaxud dəyişməməsi bir zərurətdir. Başqa sözlə desək, onurğa nə qədər möhkəm olarsa, tarixboyu dəyişən formalar ona nəinki təsir etməz, əksinə, onun yeni bir cəhətinin tanınmasına, hətta böyüməsinə xidmət edər. 

Azərbaycanın çox keşməkeşli tarixi olub və bir neçə böyük “genişlənmə” prosesi yaşayıb. Biz yalnız ikisinin nümunəsində əsas məqsədimizi çatdırmağa çalışaçağıq: Azərbaycan İslam mədəni bölgəsinin üzvi hissəsi və keçmiş Sovet İttifaqının bir tərkibi kimi.

İslam dini Azərbaycan bölgəsinə çox erkən əsrlərdə gəlmiş və çox tezliklə dini mədrəsələrin yaranmasına, alimlər yetişməsinə səbəb olmuşdur. Danılmaz faktdır ki, İslam sivilizasiyasının qurulmasında Azərbaycan mütəfəkkirlərinin əvəzsiz xidmətləri var. Təsadüfi deyil ki, istənilən sahədə - fiqh, kəlam, hədis, fəlsəfə və başqalarında mütləq azərbaycanlı mütəfəkkirin adına rast gəlmək mümkündür. Məsələn, akademik Ziya Bünyadov öz tədqiqatlarında xilafətin başqa şəhərlərində, o cümlədən Bağdadın “Nizamiyyə” mədrəsəsində dərs deyən azərbaycanlı alimlərin - hədisçi və fəqihlərin də adlarını göstərir. Bunlardan “Nizamiyyə”də dərs deyən və “Azərbaycan tarixi” əsərinin müəllifi Fəxrəddin Əbü`l-Fəzl İsmail ibn əl-Musənnə ət-Təbrizinin, yenə də “Nizamiyyə”də və “Kəmaliyyə”də dərs keçən fəqih Əbü`l-Fəzl Mahmud ibn Əhməd ibn Məhəmməd əl-Ərdəbilinin, Mosulda, Dəməşqdə və başqa şəhərlərdə fəaliyyət göstərən hədisçi və fəqihlərin adlarını çəkmək olar. Belə bir siyahını hər dövrdə, hər sahədə təqdim etmək mümkündür. Lakin biz diqqəti başqa bir məsələyə yönəltmək istəyirik.

İslam dövrünün araşdırmaçıları hər zaman bir məsələni vurğulayır - İslamda millət deyil, ümmət öndədir. Bu səbəbdən İslam mütəfəkkirlərinin milliyyəti əksər hallarda ikinci plana keçirilir. Lakin məsələnin fərqli tərəfi də var. Əslində, İslam düşüncəsi zəminində milli təfəkkürü oyatmaq istəyən əksər düşüncə sahibləri bu məsələni qabardıblar. Belə ki, müqəddəs Qurani-Kərimin təqribən üç fərqli surəsində qeyd edilir ki, “Allah istəsəydi sizi tək ümmət olaraq yaradardı” (Quran 5/48, 42/8 və b.). Bir başqa ayədə isə buyurulur ki, “Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq” (Quran 49/13). Deməli, ümmətçilik ayrı-ayrı xalqların eyni prinsiplərə hörmət etməsi, öz həyatını, cəmiyyətini də bu prinsiplərlə idarə etməsidir. Bu faktdır ki, din mənəvi bir hadisədir, siyasi müstəviyə keçəndə bu mənəvi keyfiyyətlər fərqli və çox vaxt əslindən uzaq bir mahiyyət qazanır. Ümmət olmaq mənəvi bağlarla əlaqəli olub, yüksək ilahi həqiqətləri dərk etməkdir və bu, heç bir milli dəyərləri tapdalaya bilməz. Zatən İslamın yayılması zamanı və sonralar xilafətin idarə olunmasında da milli kimliyə toxunulmayıb. Bu, mümkün də deyildi. Belə olan halda, cəsarətlə demək olar ki, birincisi, müsəlman olmaq, İslam ümmətinin bir hissəsi olmaq hələ öz milliyyətini itirmək demək deyil. İkincisi, məlum faktdır ki, hər millət öz dininə məhz milli ruhundan irəli gələn, milli təfəkkürünün nəticəsi olan incəliklər də əlavə etmişdir. Məsələn, belə iddia etmək olar ki, Şihabəddin Sührəvərdi məhz milli təfəkkürünə əsaslandığına görə, həm İslam düşüncə tarixində, həm də dünya fəlsəfəsində yeni bir səhifə yaza bildi - İşraq fəlsəfəsinin əsasını qoydu. Əslində kitabının girişində bu hikmətin Zərdüştdən başlayan və neçə müdriklərdən keçib gəldiyini və indi onda təzahür etdiyini Sührəvərdi özü də etiraf edir. Heç cür özünü unuda bilməyən milli təfəkkürün oyanışı nəticəsində İslam mədəni bölgəsində ilk respublika Azərbaycanda quruldu. Əhəmiyyətli faktdır ki, Pakistanın ideoloqlarından olan Məhəmməd İqbal da dini düşüncə zəminində milli təfəkkürün oyanışını bir zərurət kimi təqdim edir və məhz türklərdən nümunə gətirir: “Oxşar düşüncə və duyğuları sadalamaq, bizcə heç bir düşüncə və duyğuya sahib olmamaq deməkdir. Bu gün müsəlman ölkələrinin çoxunun vəziyyəti belədir. Onlar keçmiş ənənə və dəyərlərini qeyri-şüuri bir şəkildə təkrarlayırlar. Halbuki türklər yeni-yeni dəyərlər yaradırlar. Türk milləti böyük təcrübələrdən keçdikdən sonra öz daxili mənliyini kəşf edib. Onda həyat və hərəkət vardır. O tərpənməyə, genişlənməyə və böyüməyə başlamışdır”. Deyilənlərdən maraqlı bir nəticə çıxarmaq mümkündür: Azərbaycanda İslam dini ilə milli təfəkkürün ən yüksək sintezini yaratmaq mümkün oldu, çünki xalqın ziyalısı hər ikisinin əsl mahiyyətini dərk edə bilmişdi.

Nəzərdən keçirmək istədiyimiz ikinci dövr isə Azərbaycanın sovet imperiyasının tərkibində olduğu 70 ildir.

Sovet hakimiyyəti Azərbaycanda milli təfəkkürün ən zirvə məqamında olduğu vaxt gəldi və sözün hər mənasında onu işğal etdi. Bu, sadə bir imperiya deyildi. Bəlli ideologiyanın taxta çıxması idi və təbii ki, bütün sahələri, ilk növbədə isə düşüncələri, hətta milli kimliyi də zəbt etməli idi - öz ömrünü uzatmaq, rəqibləri məhv etmək üçün. Ən böyük rəqib isə milli ruh idi! Bu səbəbdən gecə-gündüz təbliğat maşını işlədi, əsərlər yazıldı, təhsillə bərabər beyinlərə imperiyanın ruhuna uyğun informasiyalar dolduruldu. Millət sözü işlədən hər kəs təqibə məruz qaldı, az qala bütün nəsli məhv edildi. Bu gündən o zamana baxanda təqribən üç mərhələ müşahidə etmək mümkündür: milli təfəkkürün yox edilməsi - repressiyalar, imperiya baxış bucağından millətin tarixinin təkrar təftişi - marksizm-leninizm ideologiyasının tədrisi, yaradıcılığın hər növündə, xüsusilə fəlsəfədə bu ideologiyanın ön planda olmasını təmin etmək, imperiyanın çökməsi - milli təfəkkürlə ideologiya arasında uçurumun dərinləşməsi. Bu şərti bölgünün hər birinin ayrıca təhlilə ehtiyacı olsa da, biz yalnız mövzumuza uyğun xətti izləyək - milli təfəkkürü.

Milli təfəkkür 1920-ci ildə bir işğalla yox ola bilməzdi. Ona görə yox ki, zirvədə idi. Ona görə ki, kökü çox dərində idi. Düzdür, millətin daha müstəqil respublikası olmadı, ancaq ruhu yaratmaqda davam etdi. Məsələn, tanınmış alim, biblioqraf Salman Mümtaz 1927-1928-ci illərdə  Azərbaycan aşıq poeziyasının nümunələrini iki cilddə nəşr etdirdi, böyük çətinliklərlə orta əsrlərə aid Azərbaycan şair və mütəfəkkirlərinin əlyazmalarını topladı. O, repressiya zamanı həbs ediləndə 250-dən çox nadir əlyazma məhv edildi. Həmin illərdə Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq və daha neçə ziyalını “yox etməklə” milləti qorxuya salmaq, yalnız susmasını deyil, hətta düşünməməsini tələb edirdilər. Tarixi yaddaşından, zəngin təcrübəsindən nəticə çıxaran millət də bu amansız təzyiqə müdrikcəsinə cavab verdi. Əvvəla, dövrün tələbinə uyğun olaraq yazdığı əsərlərə sovet ideologiyasının notlarını qatsa da, bir çox tanınmış Azərbaycan mütəfəkkirlərinin yaradıcılığı araşdırıldı, orijinaldan tərcümə edildi, orta əsr Azərbaycan irsi haqqında sanballı traktatlar yazıldı. Bu, milli yaddaşın qorunması idi. Yazıçı və bəstəkarlar isə daha dərinə enib millətin kökünün üzərində bu günün əsaslarını qurmağa başladı. Məsələn, qanlı 37-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində ilk dəfə Üzeyir Hacıbəylinin “Koroğlu” operası oynanıldı. Səməd Vurğun 1938-ci ildə Vaqif obrazı ilə millətin “əyilməz vicdanının böyük heykəli”ni göstərdi və xatırlatdı ki,

Dayan...bu bağçanın hər bir budağı

Üstündə min çiçək, min gül bitirmiş.

Sizin güldüyünüz çoban torpağı,

Nizamilər, Füzulilər yetirmiş.

1960-cı ildə UNESCO-nun təşəbbüsü ilə hazırlanan “Şərqin musiqi antologiyası” (UNESCO Musical Anthology of the Orient) seriyasına Azərbaycanın tanınmış tarzəni Bəhram Mansurovun ifasında muğam da daxil edildi. Bir neçə il sonra - 1975-ci ildə yenə də UNESCO-nun təşəbbüsü ilə hazırlanan “Dünyanın ənənəvi musiqi kolleksiyası”na (UNESCO Collection of Traditional Music of the World) Bəhram Mansurovun ifasında 7 muğam daxil edildi. O vaxtlar Qərb dünyası üçün bağlı bir zona olan Sovet İttifaqından dünyaya məhz Azərbaycan muğamı çıxdı və rezonans yaratdı.

Maraqlı və diqqətəlayiq hadisələrdən biri də 1970-ci ildə ulu öndər Heydər Əliyevin Hələb şəhərinə səfər etdiyi zaman orada israrla Nəsiminin məzarını ziyarət etmək istəyidir. Azərbaycana qayıdandan sonra dahi şairin 600 illik yubileyinin keçirilməsi haqqında Heydər Əliyev SSRİ Nazirlər Sovetinə müraciətlər edir, böyük zəhmət bahasına Nəsimi yaradıcılığının araşdırılmasına, haqqında bədii filmin çəkilməsinə, ən nəhayət, şəhərin mərkəzində abidəsinin ucaldılmasına nail olur. Xalq yazıçısı Mirzə İbrahimov səkkiz il sonra Ali Sovetin IX sessiyasında belə bir fikir səsləndirir: “… Heydər Əliyev yoldaşın əməyi, zəhməti, onun ilhamlı fəaliyyəti ...Azərbaycan torpağının şərəfini, şöhrətini artırıb… Sevimli oğlumuz Heydər Əliyev yoldaş sinəsini qabağa verərək Nəsiminin heykəlini ucaltdı”. İstər-istəməz belə bir rəy formalaşır: sovet ideologiyasının özünün zirvə məqamını yaşadığı bir çağda Ulu Öndər sinəsini qabağa verərək əslində milli təfəkkürə heykəl ucaltdı. Son illərdə Qərbin müxtəlif məkanlarında Azərbaycan ziyalılarının məzarlarına göstərilən qayğı da eyni məntiqin davamıdır. Bəli, bu, sadəcə bir şairə, bir ziyalıya göstərilən diqqət deyil, bu milli təfəkkürün qorunması, gələcək nəsilə ötürülməsidir. Bunu dərk edən hər ziyalı, hər şəxsiyyət formasından asılı olmadan özəyin qorunmasına, tarixin kəsilməməsinə diqqət göstərir. Çünki bilir ki, tarixin sərt şərtlərinə baxmayaraq milli ruh və milli təfəkkür yaşayırsa, heç bir dəyişən forma ona zərər verə bilməz, əksinə, o, özünün daha bir qatını yaşayar.

Milli təfəkkürün coğrafiyası

Müəyyən anlayışın sərhədləri bəlli olanda ona təhlil vermək asanlaşır. Bu baxımdan biz də milli təfəkkürün təqribi “coğrafiyasını” müəyyənləşdirməyə cəhd edək. Söhbət nə Midiyadan, nə Albaniyadan, nə də Əfqanıstandan İraqa qədər məkanı əhatə edən Səfəvilərdən gedəcək. Mövzumuz milli düşüncənin hüdudlarıdır. 

“Kitabi-Dədə Qorqud”da deyildiyinə görə, "24 sancaqlı Oğuz eli" dəmir qapı Dərbənddən tutmuş türkmən ellərinə qədər gedib çıxırmış. Eposdan o da məlumdur ki, hətta yağılarla qonşu olsalar da, Oğuz elində nə divar varmış, nə səngər. Oğuzda evlənən gənc ox atarmış: ox hara düşsə, bəylik çadırı - gərdəyi orada qurularmış, yeni ailənin ocağı orada çatılarmış. Deməli, ox çatan yer həmin igidin qoruya bildiyi, namusunu etibar edə biləcəyi məkandır. Nə qədər cürətli, biləyi güclü igid olarsa, bir o qədər oxu uzaq məsafəyə uçar və yerə daha möhkəm sancılar! Hunların adətinə görə isə vəfat etmiş igidi atının yəhərində dik oturdub mahmızlarını da tikanlı edib çölə buraxarmışlar. Tikanlar atı yaralayar, o da ağrıdan ölənə qədər çaparmış. Təbii ki, bu, həmin millətin təfəkkürünün məhsulu idi - azad, özünə güvənən, oxunun, sonralar isə bayrağının sancıldığı, atının çapa bildiyi qədər uzanan məkanı ehtiva edən bir təfəkkürün. Bu səbəbdəndir ki, bu millətin bir deyil, bir neçə dövləti olub və var. Maraqlı faktlardan biri də bu millətin bir neçə adla tanınması və qurduğu dövlətlərin, imperiyaların adlarında əksər hallarda bunun əks olunmasıdır. Eramızdan əvvəl Böyük Hun İmperiyasından tutmuş bu gün Özbəkistana, Qazaxıstana qədər. Bununla belə, digər türk dövlətləri arasında yalnız Azərbaycanın adı milli mənsubiyyətin deyil, tarixi məkanın ifadəsidir. Yaxın tarixə nəzər salsaq görərik ki, Azərbaycan ərazisində müstəqil respublika iki dəfə elan edilib - 1918-ci və 1991-ci illərdə. Hər ikisində də dövlətin qurucuları türk milləti ilə yanaşı, bu ərazidə yaşayan bütün digər kiçik millətləri, etnik qrupları da ehtiva etmək üçün məhz Azərbaycan adının üzərində dayanıblar. Bu ad qeyd-şərtsiz Sovetlər İttifaqında saxlanılıb. Bununla belə, əhəmiyyətli bir məqam vurğulanmalıdır: bu dövlətin müqəddəs rəmzləri türklük, islamçılıq və müasirləşmədir. Başqa sözlə desək, Azərbaycan ərazisində yaşayan bütün millətlər, etnik qruplar öz dilindən, dinindən asılı olmayaraq bu prinsiplərə hörmət etməli, onları müqəddəs qəbul etməlidir. Bəli, millətin adı dövlətin adında deyil, ruhunda, yürütdüyü siyasətində, başqa millətlərə göstərdiyi münasibətdədir. Axı müasir Azərbaycanda multikulturalizmin dövlət siyasəti kimi qədul edilməsi bir təsadüf deyil, millətin ruhunun inikasıdır. Türk Vətən dediyi ərazinin hər insanına, hər daşına sahib çıxıb. Bu qeyrət “Azərbaycan” adında özünü bütün mükəmməlliyi ilə ifadə edir.

Azərbaycan tarixən bir çox işğallara məruz qalıb, sənətkarları yad ellərə sürgün edilib, yaxud elm dalınca özləri uzaq məkanlara üz tutublar. Ancaq bu sənətkarlar hara getsələr də, milli təfəkkürlərini nəinki qoruyublar, onu olduğu məkanda da yaya biliblər. Məsələn, muğamın tədqiqatçılarından birinin gəldiyi qənaətə görə, “türklər tarixləri boyu dünya coğrafiyasının hüdudsuzluğunda yaşamağın verdiyi irqi bir alışqanlıqla bir çox məqamlara coğrafi adlar vermişlər”. Milli ruh güclü olduğuna görə başqa millətlər arasında nəinki əriyib yox olmayıb, əksinə öz orijinallığı ilə yerli mədəniyyətə, təfəkkür sisteminə yeni rəng qata bilib. Maraqlı bir məqama diqqət çəkək - əvvəllər oxunun düşdüyü yer necə Vətən, təfəkkürün həddi hesab edilirdisə, sonralar artıq sözünün, mədəniyyətinin gücü yetdiyi yerə qədər Vətən deyilməyə başlanıldı. Bu təfəkkürün təzahürüdür ki, Şimal, Cənub, Şərq, Qərb bilmədən hər azərbaycanlı mütəfəkkirin, sənətkarın doğulduğu və vəfat etdiyi məkanı çox böyük rahatlıqla Vətən kimi qəbul edə bilirik.

Onu da mütləq əlavə etmək lazımdır ki, milli təfəkkürə irsən xas olan özgüvənlik bəzən onun öz əleyhinə çevrilə bilib. Məsələn, düşmən onun musiqisini özününkü kimi təqdim edəndə, tarixi ərazilərində qazıntı aparıb guya özünə aid faktlar tapanda, mütəfəkkirini öz adına çıxanda buna böyük bir təmkinlə cavab verir. Çünki bilir ki, 3 metrlik dərinlikdə əvvəldən gizlədilmiş o faktın yerini daha 4-5 metr qazsa, o məkanın əsl sahibinin izləri çıxacaq. Bilir ki, oğurlanan sənət əsərinin səsini, notunu mənimsəyə bilərlər, ancaq tarixini, mənbəyini yox. Hər halda, belə bir deyim təsadüfən dillər əzbəri olmayıb: türklər tarixi yaradır, başqaları onu yazır. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, türklər yalnız qılınc yox, qələm tutmağı da gözəl bacarıblar və dünya mədəniyyətində öz imzasını qoymuş mütəfəkkirlər buna nümunədir. Məsələn, müasir dövrdə bu qədər haqsızlıqla üz-üzə duran Azərbaycan öz gücünün varlığını bəyan etməklə yanaşı, bütün dünyaya yenə də yüksək mədəniyyətini, tolerantlığını göstərir və burada ən böyük missiya yenə də milli təfəkkürün üzərinə düşür. Təsadüfi deyil ki, muğamın daxildən, tarixi köklərindən qaynaqlanan gücünü, təsir dairəsini, ehtiva etdiyi həqiqətin miqyasını nəzərə alsaq, cəsarətlə onu Azərbaycanın “yumşaq gücü” adlandıra bilərik. Bu millətin adını belə eşitməyən bir xarici vətəndaş muğam vasitəsilə bu millətin aşiqinə çevrilə bilir.

Dil və milli təfəkkür

Azərbaycanın mürəkkəb düşüncə tarixindən çıxış edəndə milli təfəkkürün dili haqqında konkret fikir bildirmək çətinləşir, mübahisələr yaranır. Biz də müəyyən bir rəy bildirək. 

Hər şeydən əvvəl, milli təfəkkürün coğrafiyası haqqında dediklərimiz birbaşa onun dilinə də aiddir. Nəzərə alınmalıdır ki, Azərbaycanda elə etnik qruplar var ki, onların öz dili, əlifbası yoxdur, yaxud bu dil bir kənd, bir bölgə miqyasında tanınır. Bu baxımdan, fərqli illərdə bu dilin adının nə olmasından asılı olmadan, məhz “Azərbaycan dili” sözün hər mənasında bu torpaqda, bu bayraq altında yaşayan bütün xalqların, millətlərin, etnik qrupların dili, tribunası kimi anlaşılır. Onların adı türk olmasa da, türkün qoruması altındadırlar və onun dili vasitəsilə öz kimliklərini tanıda, öz adət-ənənələrini bütün gözəlliyi ilə yaşada bilirlər. Hər nə qədər Azərbaycan dilinin sütunu, özəyi türk dili olsa da, missiyası daha genişdir. Ulu öndər Heydər Əliyevin 2001-ci ildə Azərbaycan dili haqqında Fərmanında yazılıb: “Azərbaycan dili türk mənşəli ümumxalq canlı danışıq dili zəminində əmələ gəlib şifahi ədəbi dilə çevrilənədək və sonradan bu əsasda Azərbaycan ədəbi dilinin yazılı qolu təşəkkül tapana qədər yüz illər boyunca mürəkkəb bir yol keçmişdir. Qədim və zəngin tarixə malik türk dil ailəsinin oğuz qrupuna daxil olan Azərbaycan dilinin tarixi miladdan əvvəlki dövrlərə gedib çıxır. Ayrı-ayrı türk boy birləşmələrinin ümumi anlaşma vasitəsi olan bu dil IV-V əsrlərdən etibarən ümumxalq danışıq dili kimi fəaliyyət göstərməyə başlamışdı. Dilimizin özəyini ta qədimlərdən Azərbaycan torpaqlarındakı türk əsilli boyların və soyların dili təşkil etmişdir”. Deməli, Azərbaycan dilinin bir missiyası da Azərbaycana Vətən deyən bütün millətləri birləşdirmək, hər mənada eyni dildə danışdırmaqdır.

Bir neçə kəlmə də mövcud paradokslar haqqında. Bir çox Azərbaycan mütəfəkkirləri Vətəndən uzaqda yaşasalar da, öz doğma dilində də yazıb yaradıb, məsələn, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və s. Amma digərləri Gəncədə, Təbrizdə yaşasa da, farsca yazıblar. Eyni vəziyyət XX əsrdə Sovet İttifaqında da yaşanıb - əksər elmi, fəlsəfi əsərlər mütləq ya rusca yazılıb, ya da ruscaya tərcümə edilib. Bu hal tez-tez belə sualları aktuallaşdırır: əcəba, başqa dildə yazan azərbaycanlı mütəfəkkir, alim milli mədəniyyətimizin xəzinəsinə bir bəhrə vermiş sayılmırmı?! Yaxud uzaq ellərdə yaşayan azərbaycanlı müəllifin yazdıqları bizim milli təfəkkür tarixinə daxil edilə bilərmi?!

Məsələyə fərqli bir baxış bucağından baxaq. Bəli, Azərbaycan xalqının taleyində təfəkkür və dil arasında bir neçə dəfə uyğunsuzluq yaşanıb. İslamın gəlişindən sonra bir neçə əsr ərzində elmi əsərlərin dili ərəb, poeziyanın dili isə fars oldu. Daha sonra XX əsrin əvvəllərində Osmanlı türkcəsinin təsiri hiss edilir, sovet dövründə isə rus dili düşüncələri idarə edir. İlk baxışda belə düşünmək olar ki, milli təfəkkür daim dəyişib, milli ruh “dildən dilə” düşüb. Lakin məsələnin başqa bir tərəfi də var.

Dil təfəkkürü tamamlayan başlıca amillərdən biridir, çünki alman filosofu Martin Haydeggerin (1976) də dediyi kimi, “dil - varlığın evidir”. Bununla belə, bir var dil təfəkkürün ifadəçisi, “xidmətçisidir”, bir də var təfəkkürün istiqamətləndiricisi. Əlbəttə, elə sahələr var ki, xüsusilə dəqiq elmlərdə, dil istər-istəməz köməkçi vasitədir. Lakin ictimai və humanitar sahələrdə, yəni varlığı, ruhu ifadə edən sahələrdə dili “xidmətçi” səviyyəsində saxlamaq çox çətindir.

Məlum məsələdir ki, bütün dövrlərdə hakim dil hansı olubsa, ciddi əsərlər də həmin dildə yazılıb. Bu, öz dilini unutmaqdan daha çox öz tarixini, mədəniyyətini hakim dairədə tanıtmaq istəyidir. Bu taleyi əksər millətlər yaşamalı olub. Məsələn, Məhəmməd İqbal əsas əsərini - “İslam düşüncəsinin rekonstruksiyasını” ingilis dilində qələmə alıb. Qəribədir, böyük mütəfəkkir milli ruhu ingilis dilində oyatmaq istəyir! Lakin fakt budur ki, İqbalın nə ingilissayağı “Ser” ləqəbi ilə tanınması, nə Avropa təhsili görməsi, nə də əhəmiyyətli fikirlərini ingilis dilində çatdırması onun milli ruhuna az da olsa, kölgə salmır. İş burasındadır ki, təfəkkür gərək elə bir zirvəyə - fəlsəfi zirvəyə qalxa bilsin ki, dilin xidmətçisinə çevrilməsin. Bu zirvəyə yol isə yalnız milli təfəkkürdən və milli ruhdan keçir. Eyni sözlər Azərbaycan mütəfəkkirlərinə də aiddir. O zirvəyə qalxa bilmiş bir təfəkkür sahibinin dili artıq köməkçi vasitədir. Məsələn, Nizami Gəncəvi irsinin tədqiqatçısı Azadə Rüstəmova yazıb: “Türk xalq hikməti Nizami şeirinin ruhuna, canına hopmuşdur. Nizami əsərlərində nə qədər sırf azərbaycanca-türkcə çalar incəliyini yalnız türkün anlayıb, başa düşəcəyi idiomatik ifadələr vardır.” Dahi şair “mətndə təqdim etdiyi bu və ya digər fikri daha artıq təsbitləşdirmək üçün” Azərbaycan xalq məsələlərinə toxunur, istifadə edirdi. Ən vacib məqam budur ki, fəlsəfi zirvədə “yerləşmiş” ruh, təfəkkür üçün yad dil, yad mühit, yad təfəkkür heç bir maneə və təhlükə kəsb etmir, əksinə, öz milli hikməti ilə həmin dili zənginləşdirir.

Bəli, əksər Azərbaycan mütəfəkkirləri başqa dildə olsa da, həmişə öz milli ruhunun dediklərini çatdırmağa can atıblar. Lakin bu, kifayət edə bilməzdi. XI əsrdə Mahmud Kaşğari “Divani-lüğət-it-türk” əsərində 7500-dən çox sözün şərhini, türk xalqlarının həm şifahi, həm də yazılı ədəbiyyatından şeir nümunələri təqdim etməklə ilk dəfə türk təfəkkürünün, türkün yaradıcı ruhunun varlığından xəbər verirdi. Bu, türk dilinin hakim dairələrə təqdimi, qəbul etdirmək cəhdi idi. Ancaq bu da kifayət etmədi. Cübranın da dediyi kimi, “dil bütün millətin və ya onun ümumi mahiyyətinin yaradıcılıq təzahürlərindən biridir. Əgər yaradıcılıq zəifləyirsə, dilin inkişafı da dayanır”. “Kitabi-Dədə Qorqudda” “boy boylayan, soy soylayan” milli ruh təqribən XIII əsrdə təkrar səsini qaldırdı və şairlərimiz doğma dildə əsərlərini yazmağa başladılar. Burada, ilk növbədə, İzzəddin Həsənoğlunun və Şeyx Səfi Ərdəbilinin adları çəkilir. “Hələ XIV əsrdə yaşayıb-yaratmış Azərbaycan şairi Arif Ərdəbili Şeyx Səfidən qürurla danışır, оnu “din və millət hamisi” adlandırır, оnun qəbrinin Ərdəbil şəhərində оlmasını bu şəhər üçün əlçatmaz bir məziyyət kimi qeyd edir”. Biz ədəbiyyatı, şeir nümunələrini araşdırmadan iki məsələyə diqqət çəkmək istəyirik: birincisi, hər iki şair türk dilinin dəbdə olmayan, şahların özlərinə “Türkanə nəzmi layiq” bilmədiyi və “fars-ərəb bəzəyinin vurulmasını” vacib bildikləri bir vaxtda bu dildə yazıb. Bu, ərəb, yaxud fars dilinin yaradıcı milli ruhun tələblərinə cavab verməməsinin nəticəsi idi. İkincisi, məhz Şeyx Səfinin milli ruhunun təsiri idi ki, XVI əsrdə xələfi Şah İsmayıl Xətai Səfəvilər kimi bir Azərbaycan dövləti qurdu, dövlət dili olaraq Azərbaycan dilini elan elədi və öz şeirlərini məhz bu dildə yazdı. Bu, milli təfəkkürün hərtərəfli mükəmməl bir təzahürü idi.

Eyni halı Azərbaycan xalqı sovet dövründə də yaşamalı oldu. Yenə millətin hikmətini başqa dildə təqdim etməklə, hakim xalqa öz ucalığını göstərməklə, təsdiqləməklə yanaşı, öz doğma dilində yazdığı bədii əsərlərdə, milli musiqisində milli ruhunu yaşatdı. Dediklərimizə bariz nümunə kimi, muğamlarımızı göstərmək olar: neçə əsrlik yaşı olan dəstgahlarda Azərbaycan dilində oxunan qəzəllər, qoşmalar, bayatılar. Təsadüfi deyil ki, Haydeqqer düşüncə sahiblərini və şairləri varlığın evinin - dilin qoruyucusu adlandırır. Cübran da belə hesab edir ki, dili “diriltməyin yeganə üsulu şairin ürəyində, dilindədir. Şair xalqın yaradıcı gücünün ifadəçisi, ruh aləmində baş verənləri əql dünyasına ötürən, bilik dünyasında baş verənləri bilik xəzinəsinə toplayan bir bələdçidir”. Azərbaycan xalqını və onun ruhunu qoruyan da məhz doğma dilində yazılan və milli köklərə söykənən əsərlər oldu.

Deyilənlərdən belə bir nəticə çıxartmaq olar. Bir var millətin fəlsəfəsi, bir də var milli fəlsəfə. Birinci millətin təqdimatıdır və hansı dildə olursa-olsun, ən yüksək səviyyədə millətin xəzinəsinin dünya fəlsəfə tarixinə, mədəniyyətinə verdiyi bəhrələr çatdırılmalıdır. Nəticədə bu yazılanlar özləri də bir xəzinəyə çevrilə bilir. İkinci isə millətin qədimdən bəri qopmadan uzanıb bugünə gələn hikmət zolağının qırılmamasını təmin etməkdir. Axı bu gün yazılanlar sabah üçün tarixdir. Bunu yalnız ruhunun dilində, milli kökünə dayanan təfəkkürlə yaratmaq mümkündür.

Milli təfəkkür və siyasət

Fəlsəfə birmənalı olaraq siyasət deyil. Düzdür, hər siyasətin öz fəlsəfəsi var. Lakin bir var yad mənbədən qaynaqlanan siyasət milli təfəkkürü idarə edir, onu yox etməyə çalışır, bir də var siyasət milli təfəkkürün üzərində bərqərar olur və onun qorunmasına, inkişafına xidmət edir. Birincinin nümunəsini imperiyaların, ideologiyanın hakim olduqları zaman müşahidə etmək daha rahatdır - bütün millətlərin təfəkkürlərini idarə etmək, lazımi axara yönəltmək üçün istifadə edilən metodlar, nəzəriyyələr, strategiyalar. İkinci halda isə milli-mənəvi dəyərlər dövlətin daxili balansını qoruyan ən güclü amillərdən biri kimi çıxış edir. Fəlsəfə isə bu tarazlığı dərk etməyin yollarından biridir. 

Hər dəfə Azərbaycan əhəmiyyətli bir mərhələnin başlanğıcında olanda milli təfəkkür, milli fəlsəfə sanki yenidən aktuallaşır. Bu, təsadüf yox, zərurətdir. Bu, növbəti mərhələ üçün yeni zəminin və istiqamətin təyinidir. Tarixən də belə olub, bu gün də elədir. 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə keçid dövrünün başa çatdığını bəyan edəndə akademik Ramiz Mehdiyev ictimai və humanitar elmlərə bir çağırış etdi və vurğuladı ki, “fəlsəfə bütövlükdə tarixi bir dövrün özünüdərki ilə məşğuldur və onun araşdırdığı problemlər əslində həmin tarixi dövrün ən ümdə, ən vacib tələblərindən irəli gəlir”. Bəli, öz dövrünü, onun tələblərini nə qədər dərindən dərk edərsənsə, sabaha da bir o qədər güclü çıxarsan. Akademik Azərbaycanın çətin məqamlarını qeyd edəndə onu da bildirir ki, “milli mədəni-mənəvi oriyentasiyanın olmaması, xarici dövlətlərin stereotip inkişaf modellərinə kor-koranə riayət edilməsi hökmən millətin öz simasını itirməsi ilə nəticələnir”. Bəli, ilkin təkan kimi, gələcək yolda simasını itirməmək üçün milli-mənəvi dəyərlərə istinad təklif edilir.

Azərbaycan yenə yeni bir mərhələnin başlanğıcındadır. Dünyanın siyasi mənzərəsi dəyişir, tələblər sərtləşir, milli kimliyin təsdiqi ön plana keçir və belə bir vaxtda Azərbaycan da öz mövqeyini müəyyənləşdirməli və özünü digər dövlətlər arasında təsdiqləməlidir. 2019-cu ilin yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti müsahibələrinin birində deyir: “Bizim əsas məqsədimiz Azərbaycanı potensial risklərdən qorumaqdır. Bunun üçün... biz daxildə güclü olmalıyıq... Düşünürəm ki, biz milli maraqlarımızın, milli kimliyimizin, müstəqilliyimizin çox güclü müdafiəsi və eyni zamanda, qeyd etdiyim ölkələrlə yaxşı iş münasibətləri arasında balansı tapa bilmişik”. Dövlətimizin başçısının sözləri bir daha təsdiqləyir ki, milli ruh nə qədər güclü olarsa, milli təfəkkür nə qədər özünə güvənərsə, bir o qədər qonşularla rahat dialoqa girib, həm özünün, həm regionun təhlükəsizliyinə təminat verə bilər.

Fəlsəfə uzaq məsafəyə gedə bilən bir vasitədir və onu siyasətdə istifadə etməklə, həm keçmişdən lazımi məqamları dəyərləndirmək, həm indinin ən parlaq anlarını tutmaq, həm də gələcəyə hansı dəyərləri götürməkdə düzgün yol göstərə bilər. Bəli, fəlsəfənin verdiyi xeyir, məsələn, kənd təsərrüfatı kimi göz qabağında deyil. Ancaq onun da öz faydaları var. Onlardan birini də biz əlavə edək: necə ki, Yer kürəsinin piltələri tərpənəndə yer üzündə böyük fəsadlar - zəlzələlər, sürüşmələr, sunamilər baş verir, eləcə də düşüncə qatının “piltələri” hərəkət edəndə bəşəriyyətin düşüncə sistemində dəyişikliklər baş verir. Öz milli kimliyini unudan və milli təfəkkürü “pas atan” millətlərin belə “zəlzələlərdən” sağ çıxmaq şansı çox az olur. Fəlsəfi təfəkkürün hərəkətverici qüvvəsi milli-mənəvi dəyərlər olanda isə, o, istənilən “zəlzələnin” təkanlarını yumşaltmaq qüdrətində olur. Başqa sözlə desək, fəlsəfi yükü, xüsusilə milli təfəkkürə istinad etməyən siyasət istər-istəməz daxili balansı itirir və o, tədricən “genişlənməyə” və öz milli kimliyindən çıxmağa məhkum olur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tovuzda 22 yaşlı oğlan çayda batıb

Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasında Dövlət İmtahan Komissiyasına sədrlik edib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib

Ekspertiza İssık-Kul gölündə Formula 1 yarışlarının keçirilməsinin təhlükəsiz olduğunu təsdiqləyib

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır

“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir

“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur

Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib

Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib

Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur

Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Daha üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

® TOP-50 transmilli şirkət və beynəlxalq holdinq “AZEXIM CLUB”a qoşulur

Azərbaycan və Birləşmiş Krallıq arasında ticarət əlaqələri genişlənir: yeni hədəflər

İyunun 17-19-da bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacaq – XƏBƏRDARLIQ

AZAL Bakı-Şımkent marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib

BDU-da Konfutsi İnstitutunun 15 illik yubileyi qeyd olunub

Şuşa yeni geosiyasi düşüncənin formalaşdığı mühüm beynəlxalq məkana çevrilib ŞƏRH

® “Unibank” “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub

Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb

İlk dəfə keçiriləcək paraüzgüçülük üzrə Azərbaycan çempionatına 30-a yaxın idmançı qatılacaq

SOCAR: 2030-cu ilədək bərpaolunan enerjinin payı 38 faizə çata bilər

Anar Kərimov: İslam İnkişaf Bankı Azərbaycanın etibarlı tərəfdaşıdır

Məcnun Məmmədov: Azərbaycanın aqrar inkişaf strategiyasının gələcəyi rəqəmsallaşma və şəffaflıq prinsipləri üzərində qurulub

Dövlət Baxçalı: TÜRKPA qardaş türk dövlətləri arasında əlaqələrin inkişafında xüsusi önəm kəsb edir

Ermənistanın məktəb dərsliklərində nifrət nitqi və tarixi saxtalaşdırmalar sistemli xarakter daşıyır

Nazir müavini: Azərbaycan İslam maliyyəsi üzrə regional mərkəzə çevrilmək imkanına malikdir

Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur

Münaqişə başa çatdı, neft ucuzlaşdı

Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq

Nəriman Paşayev: İqlim dəyişmələri dağ yollarında geoloji təhlükələri artırır

Psixoloq: Sosial şəbəkələrdə yaş məhdudiyyəti uşaqları kibertəhdidlərdən qismən qoruya bilər

Nizami rayonunda 12 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Dövlət Proqramı azad olunmuş ərazilərdə qabaqcıl kənd təsərrüfatı praktikalarının tətbiqini hədəfləyir VİDEO

Dövlət Proqramı azad olunmuş ərazilərdə qabaqcıl kənd təsərrüfatı praktikalarının tətbiqini hədəfləyir VİDEO

Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var

Paytaxt məktəbliləri “Şahin” hərbi-idman oyununun final mərhələsinin qalibi olublar

İbrahim Hadejia: Dayanıqlı inkişaf istehsaldan logistikaya qədər bütün mərhələləri əhatə etməlidir

Sosial Xidmət mərkəzlərində “Motivasiya görüşləri”nə start verilib

Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir

Şəhidlərin övladları üçün 5-ci “YAŞAT” düşərgəsi başlayıb

Moskvada Azərbaycanın “Yeləni” kəlağayı brendi təqdim olunub