MİLLİ MƏCLİS “BANKLAR HAQQINDA” QANUNU BİRİNCİ OXUNUŞDA QƏBUL ETMİŞDİR
Layihə ilə bağlı Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov məlumat vermişdir. O demişdir ki, “2001-ci ilin dövlət büdcəsi haqqında” Qanun qəbul olunandan sonra Prezident Heydər Əliyev Milli Banka banklar haqqında yeni qanun layihəsi hazırlamağı tapşırmışdı. Çünki banklarla bağlı 1996-cı ildə qanun qəbul olunsa da, ötən dövr ərzində iqtisadiyyatın bəzi sahələrində, eləcə də bank sahəsində bir sıra dəyişikliklər baş vermişdi. İqtisadiyyatdakı dinamik inkişaf məhz yeni qanun layihəsinin hazırlanması zərurətini ortaya qoymuşdu. Müzakirəyə təqdim olunan qanun layihəsi Azərbaycan Respublikasında bankların yaranması, fəaliyyət göstərməsi və inkişafı, onlara lisenziyaların verilməsi, geri alınması və digər mexanizmləri tənzimləyəcək. Bir neçə il bundan əvvəl ölkədə 250-dək bank fəaliyyət göstərsə də, sonradan Milli Bankın yeritdiyi məqsədyönlü siyasət nəticəsində onların əksəriyyəti rəqabət apara bilmədiyi üçün sıradan çıxdı. Hazırda respublikada 46 bank fəaliyyət göstərir ki, onların da 16-sı xarici kapital hesabına işləyir. Yeni layihədə bu bankların fəaliyyətini nizamlamaq üçün bütün şərtlər öz əksini tapmışdır.
Sonra Milli Bankın İdarə heyətinin sədri Elman Rüstəmov çıxış etmişdir. Milli Bankın sədri demişdir ki, müstəqil Azərbaycanımızın qurucusu, Prezident Heydər Əliyev ölkəmizin iqtisadiyyatının bütün sahələrində olduğu kimi, bank sistemində də islahatların həyata keçirilməsinə, bank fəaliyyətinin beynəlxalq standartlara çatdırılmasına və inkişafına xüsusi diqqət verirdi. Bu diqqət nəticəsində ötən illərdə bank sistemində mühüm nailiyyətlər əldə olunmuşdur. Qısa bir dövr ərzində Azərbaycanda bazar iqtisadiyyatının prinsiplərinə cavab verə bilən yeni tipli maliyyə, pul-kredit və bank sistemi formalaşmışdır.
Milli Bankın sədrinin sözlərinə görə, yeni qanun əvvəlkindən əsaslı surətdə fərqlənir və beynəlxalq standartlara tam cavab verir.
Sonra BUSBank-ın prezidenti Zakir Zeynalov, Beynəlxalq Bankın idarə heyəti sədrinin birinci müavini Rauf Rzayev layihə ilə bağlı öz fikirlərini bildirmişlər. Deputatlar layihəni geniş müzakirə edərək birinci oxunuşda qəbul etmişlər.