MİLLİ MƏCLİSİN DEPUTATI İSLAM KONFRANSI TƏŞKİLATININ TƏDBİRİNDƏ İŞTİRAK ETMİŞDİR
Azərbaycanın Pakistandakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, sessiyanın açılışında akademik Əli Abbasov çıxış edərək ölkəmizdə elm və texnologiyanın durumu və inkişaf perspektivlərini şərh etmişdir. O, həmçinin Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi və təcavüskar siyasəti nəticəsində respublikamızın elm və təhsilinə dəyən ziyanı diqqətə çatdırmışdır.
Sessiya iştirakçılarını Pakistan Prezidenti Pərviz Müşərrəf və Baş nazir Mir Zəfərulla Xan Cəmali qəbul etmişdir.
Tədbirin sonunda İslam Konfransı Təşkilatına üzv ölkələrin elm və texnologiya sahələrində inkişafını, əməkdaşlığını və qarşıdakı təcrübə mübadilələrini daha da gücləndirmək məqsədi ilə qətnamə və tövsiyələr qəbul edilmişdir.
Akademik Əli Abbasov İslamabadda Azərbaycan səfirliyində ölkəmizi təmsil edən diplomatlarla ətraflı söhbət aparmış, respublikamızdakı ictimai-siyasi vəziyyət, Prezident İlham Əliyevin ölkəmizdə sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında Fərmanı ilə əlaqədar son günlər görülən işlər və qarşıda duran vəzifələr barəsində geniş məlumat vermişdir.
Səfirlikdə olduğu zaman akademik Əli Abbasov milli liderimiz Heydər Əliyevin vəfatı ilə əlaqədar başsağlığı verməyə gəlmiş və məktub gətirmiş Pakistanın keçmiş prezidenti, hazırda Pakistan parlamentində iqtidarın əsas himayəçisi olan milli rəhbər Faruq Əhməd Xan Leqari ilə görüşərək fikir mübadiləsi aparmışdır.
Cənab Leqari möhtərəm Heydər Əliyevlə 1995-ci ildə İslamabadda, 1996-ci ildə Bakıda görüşlərini məmnunluqla xatırlayaraq, onun vəfatından duyduğu hüzn və kədəri Prezident İlham Əliyevə yetirməyi xahiş etmişdir.
Səfir Eynulla Mədətli Azərbaycan və Pakistan parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi üçün deputat Əli Abbasovdan və onun həmkarlarından lazımi səy göstərmələrini xahiş etmişdir.