Milli Məclisin deputatı: Ölkələrimizin iştirakı ilə reallaşan irimiqyaslı layihələr regionun cəlbediciliyini artırır
Tbilisi, 18 dekabr, AZƏRTAC
Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşan və həyata keçirilməkdə olan genişmiqyaslı enerji və nəqliyyat layihələri beynəlxalq təhlükəsizliyə xidmət edir. Enerji təhlükəsizliyinin milli təhlükəsizliyin vacib elementi olmasını nəzərə alsaq, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Trans-Adriatik və Trans-Anadolu layihələrinin necə böyük əhəmiyyətə malik olduğunu aydın görərik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Milli Məclisinin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli assambleyanın onuncu sessiyasındakı çıxışında söyləyib.
Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını böyük tarixi hadisə adlandıran A.Kərimli deyib ki, ölkələrimizin iştirakı ilə reallaşan bu və digər layihələr regionun cəlbediciliyini artırır və bizim strateji məqsədlərimizə çatmağımıza lazımi şərait yaradır.
Deputat bildirib ki, GUAM PA-nın onuncu sessiyasında müzakirəyə çıxarılan məsələlər, xüsusən də regional və enerji təhlükəsizliyi, transsərhəd cinayətkarlığa qarşı birgə mübarizə məsələləri təkcə GUAM-a üzv ölkələr üçün deyil, bütövlükdə beynəlxalq ictimaiyyət üçün mühüm əhəmiyyət kəsb edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi