Milli Parkda ov edən paytaxt sakinləri saxlanıldılar
Bakı, 2 fevral, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə yanvarın 26-dan 31-dək növbəti reydlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, reyd zamanı Qusar rayonunun Əniq kəndi ərazisində rayonun Urfa kənd sakini Zöhrab Əhmədov saxlanılıb. Ondan 1 ov tüfəngi, 7 patron götürülərək barəsində qanunamüvafiq qaydada akt və protokol tərtib edilib, 1000 manat məbləğində cərimə olunub.
Qusar rayonunun Çağar kəndi ərazisində isə qanunsuz ov edən naməlum şəxsdən 1 ov tüfəngi və 14 patron götürülərək faktla bağlı qanunamüvafiq qaydada akt tərtib olunub. Sənəd təqdim etməyən qanun pozucusunun şəxsiyyətinin müəyyən edilməsi və barəsində qanunvericiliyə uyğun tədbir görülməsi üçün Qusar Rayon Polis Şöbəsinə müraciət edilib.
Xocavənd rayonu ərazisində də reyd keçirilib. Bu ərazidə ovla məşğul olan Xocavənd qəsəbə sakini Eyvaz Balakişiyev saxlanılaraq ondan 1 ov tüfəngi və 2 patron götürülüb. Təqsirkar şəxs barəsində akt və protokol tərtib olunaraq 1000 manat məbləğində cərimə tətbiq olunub.
Altıağac Milli Parkının ərazisində qanunsuz ovla məşğul olan Bakı şəhər sakinləri Misirxan və Rahim Ağabalayevlər saxlanılıb. Onlardan 2 ov tüfəngi götürülərək barələrində qanunamüvafiq qaydada akt, protokol tərtib olunub və hər biri 1000 manat məbləğində cərimə edilib.
Reydlər davam etdirilir.