Milli parklara səfər edən turistlərin sayı ilbəil artır
Bakı, 30 dekabr, AZƏRTAC
Cari il ərzində ən çox turist qəbul edərək ilk üçlükdə yer alan milli parklarımız Göygöl, Şahdağ və Abşeron milli parklarıdır.
Bunu AZƏRTAC-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
Onun sözlərinə görə, Milli parklara il ərzində ümumilikdə 276 min 703 nəfər turist səfər edib. Parklara gələnlərin əksəriyyəti yerli turistlər olsa da, ziyarətçilər arasında çoxlu sayda xaricilər də olub.
Xidmət rəisi qeyd edib ki, ölkəmizin füsunkar guşələrində yerləşən milli parkların təbliği, orada təşkil olunan maarifləndirici tədbirlər, milli parklardan bütün fəsilləri əhatə edən və biomüxtəlifliyi əks etdirən maraqlı, rəngarəng video və foto görüntülər də gözəl təbiət ərazilərimizə olan marağın artmasına bu il də şərait yaradıb.
F.Əliyev Azərbaycan təbiətini sevən, onun gözəlliklərinə dəyər verən bütün turistləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarını, eləcə də tətil günlərini milli parklarımızda keçirməyə dəvət edir.