Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Qurtuluş Günü - Azərbaycanın bugünkü reallıqlarının və gələcək hədəflərin başlanğıcı

Milli Qurtuluş Günü - Azərbaycanın bugünkü reallıqlarının və gələcək hədəflərin başlanğıcı

Bakı, 13 iyun, AZƏRTAC

Hər bir əlamətdar gün, bayram hesabat xarakteri daşımaqla yanaşı, həmin tarixin ölkənin, xalqın taleyində hansı rola malik olduğunu təhlil etmək, indiki və gələcək nəsillərə çatdırmaq üçün geniş imkanlar yaradır. Məsələyə bu kontekstdən yanaşdıqda əminliklə söyləmək olar ki, Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazılan 15 İyun 1993-cü ilin ölkəmizin bu günü və gələcəyi üçün əhəmiyyəti misilsizdir. “Konstitusiya və Suverenlik İli”ndə 15 İyun - Milli Qurtuluş Gününü tamamilə fərqli bir ovqatda, sonsuz qürur və iftixar hissi ilə qeyd edirik. Bu baxımdan ki, hazırda Azərbaycan dövləti xalqımızın milli maraqlarını rəhbər tutaraq, yaratdığı yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, qüdrətli Azərbaycan dövləti Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasıdır ki, 2025-ci il bu ali sənədin qəbul edilməsinin 30 və Vətən müharibəsində Qələbəmizin 5 ilinin tamam olması ilə tarixə yazılır. Hər iki əlamətdar hadisə 1993-cü il iyunun 15-dən başlanan yolun təqdimatlarıdır.

Bu fikirlər Milli Məclisin deputatı Vüqar Rəhimzadənin “Milli Qurtuluş Günü - Azərbaycanın bugünkü reallıqlarının və gələcək hədəflərin başlanğıcı” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Real müstəqilliyimizin başlanğıc günü

Bu gün böyük sevinclə, sonsuz qürur hissi ilə müstəqilliyimizin başlanğıc tarixi olan 15 İyun-Milli Qurtuluş Gününün 32 illiyini qeyd edirik. Zamanın hökmü ilə ötən əsrin 90-cı illərinin əvvəlində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşdı. AXC-Müsavat cütlüyü bir illik iqtidarı dövründə yalnız hakimiyyətini saxlamağı düşünərək ölkəmizə faciə gətirmiş, günahsız insanların həlak olmasına səbəb olmuşdu. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu Azərbaycan dövlətinin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Heç də təsadüfi deyil ki, Ümummilli Liderin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına qazandığı müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələ kimi qiymətləndirilir.

Xilaskarlıq missiyası

Dahi rəhbər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən, ilk növbədə, Onun xilaskarlıq missiyası göz önünə gəlir. Məhz bu səbəbdən 1993-cü il 15 iyun tarixi Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi.

XX əsrin sonu həqiqətən də Azərbaycan dövlətinin, xalqının həyatında taleyüklü bir dövr idi. Tarixin bu mərhələsində baş verən hadisələr Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışını şərtləndirdi. Həm o dövrün çətinliklərini, həm vətəndaş qarşıdurmasını, həm də bütün dövrlərdə ölkəmizə diqqət və marağın artmasına səbəb olan coğrafi mövqeyimizi nəzərə alsaq, belə bir çıxılmaz vəziyyət düşən ölkənin lideri olmağın nə qədər böyük məsuliyyət, ən əsası siyasi bacarıq və təcrübə tələb etdiyini təsəvvür etmək çətin deyildi. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində çox nadir hallarda rast gəlinən unikal hadisədir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Onun dövlətinə, xalqına bağlılığı ilə yanaşı, Azərbaycanı daim zirvələrdə görmək istəyi atdığı hər bir addımda özünü aydın şəkildə nümayiş etdirirdi. Əsas amal, məqsəd Azərbaycanın dünyaya Günəş kimi doğması idi ki, Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bu arzu, bu istək qısa zamanda reallığa çevrildi. Azərbaycanın qısa zamanda sabitlik diyarı kimi nüfuz qazanması malik olduğu təbii resurslardan səmərəli istifadəsinə geniş imkanlar yaratdı. Halbuki 1991-1993-cü illərdə iqtisadi əlaqələrin qurulmasından, ölkə iqtisadiyyatına sərmayələrin yatırılmasından danışmaq mümkünsüz idi. Çünki ölkədə ictimai-siyasi vəziyyət olduqca ağır idi. İqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlər hər zaman ilk olaraq ölkədə sabitliyə, demokratik inkişafa diqqət yetirirlər. Ulu Öndər Heydər Əliyevi digər dövlət xadimlərindən və siyasi liderlərdən fərqləndirən Onun dərin biliyində, qətiyyətində, işgüzarlığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Azərbaycanı qorumaq, saxlamaq, dövlətçiliyimizi möhkəmləndirmək və inkişaf etdirmək yolları hamar olmasa da Ümummilli Lider Heydər Əliyev dərin zəkası ilə bütün çətinliklərə sinə gərmək əzmində olduğunu nümayiş etdirdi. Azərbaycanın inkişaf yolu 15 İyun- Milli Qurtuluş Gününə aparan 9 iyun 1993-cü ildən başlandı. Uğurla davam edən Azərbaycanın müstəqilliyinin Heydər Əliyev dövrü dövlətçilik tariximizə xilaskarlıq missiyası kimi yazıldı.

Müstəqil və suveren dövlətin lideri, xarizmatik siyasət dahisi, əsl vətəndaş

İstər çağdaş Azərbaycan tarixində, istərsə də xalqımızın yaddaşında Ümummilli Lider Heydər Əliyev müstəqil və suveren dövlətin lideri, xarizmatik siyasət dahisi, əsl vətəndaş kimi özünəməxsus yer tutub. Bu çətin məqamda xalqı ilə birlikdə olduğunu bəyan edən Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da Bakıya gəlişi, qardaş qırğınının qarşısını almaq istiqamətində göstərdiyi səylər Onda olan Vətən, xalq sevgisinin aydın ifadəsi idi. Ümummilli Lider iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Ulu Öndər yekdilliklə Azərbaycan Respublikasının Prezidenti seçildi. Dövlət başçısı İlham Əliyev çıxışlarında daim müstəqillik tariximizin Heydər Əliyev dövrünün reallıqlarını əsaslı şəkildə qeyd edərək bu çağırışı edir ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi: “Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq. 1993-2003-cü illər həlledici illər olmuşdur.”

Dövlətçiliyin əsasının qoyulduğu illər

1993-2003-cü illərdə dövlətçiliyin əsasları qoyuldu. Milli Konstitusiyamız qəbul olundu. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Azərbaycan beynəlxalq təcriddən çıxdı. Azərbaycan hörmətə layiq olan ölkə kimi tanınmağa başladı. Böyük investisiyalar cəlb edildi. Ordu quruculuğuna start verildi. Kadrların yetişdirilməsi ilə bağlı önəmli addımlar atıldı. O kadrlar ki, bu gün də ölkəmizin müxtəlif sahələrinin inkişafına öz töhfələrini verirlər.

İllər biri-birini əvəzlədikcə 15 iyun 1993-cü il tarixinin önəmi daha aydın dərk olunur. Qurtuluşdan başlanan yol bu gün tam müstəqil və suveren Azərbaycanın daha yüksək zirvələri fəth etməsini şərtləndirir. Qurtuluş Azərbaycanın bugünkü reallıqlarına yol açdı. 1993-2003-cü illər çağdaş tariximizdə sabitlik, inkişaf dövrü, 2003-cü ildən sonrakı dövr isə Böyük Yolun davamı kimi yer tutur. Böyük şəxsiyyət Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasət nəticəsində müstəqil Azərbaycan xaos, anarxiya, özbaşınalıq və iqtisadi böhrandan xilas oldu, sabitlik, inkişaf dövrünə qədəm qoydu. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz. Uğurlu gələcəyə hesablanmış siyasət Azərbaycanı qısa müddətdə sabitlik diyarına çevirdi. Ulu Öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də işğalçı Ermənistanla atəşkəs sazişinin imzalanması ölkəmizdə sabitliyin daha da möhkəmlənməsini, eyni zamanda, digər sahələrdə uğurlu addımların atılmasını təmin etdi.

Ulu Öndərin yeni neft strategiyası: Bu günümüzə və gələcəyimizə hesablanmış inkişaf konsepsiyası

Məhz həmin ilin sentyabrın 20-də dünyanın aparıcı transmilli şirkətləri ilə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. Bununla Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Bu saziş ölkəmizin iqtisadi imkanlarını artırmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirdi. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri 2006-2007-ci illərdə reallığa çevrildi. Regional çərçivədə qurulan əməkdaşlıq illər keçdikcə beynəlxalq miqyas aldı. Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Onu da qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq 1999-cu ildə Dövlət Neft Fondu yaradıldı. Məqsəd neft gəlirlərinin idarə edilməsində şəffaflıq prinsipinin qorunması, ölkənin hərtərəfli inkişafına xidmət edən sosial-iqtisadi layihələrin uğurlu icrası idi. Ulu Öndər bildirirdi ki, neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Hazırda Dövlət Neft Fondunun bu ilin 31 mart tarixinə olan məlumata əsasən aktivlərinin həcmi 62 milyard dollardan artıqdır. Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsində neft gəlirlərinin xərclənməsində şəffaflıq kriteriyalarının yüksək səviyyədə qorunması mühüm rol oynayır. Ölkəmizin iqtisadi imkanlarının artması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımların atılmasına yol açdı.

Göründüyü kimi, dahi şəxsiyyətin ölkə iqtisadiyyatının inkişafında neft amilinə böyük dəyər verməsi bu günümüzə və gələcəyimizə hesablanmış inkişaf konsepsiyasının əsas tərkib hissələrindən biridir. Məhz bu mühüm amilə söykənərək dövlətimizin başçısı İlham Əliyev bildirir ki, neftlə zəngin çox ölkələr var. Amma heç də onların hamısında bu resurslar inkişafa, tərəqqiyə xidmət etmir. Əhali arasında təbəqələşmə prosesi sürətli hal alır. Amma Azərbaycanın öz neft strategiyasını, inkişaf konsepsiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə uyğun müəyyənləşdirməsi bu kimi problemləri yaşamamasını şərtləndirdi. Neft gəlirlərinin ədalət prinsipinə uyğun olaraq bölgüsünün həyata keçirilməsi ölkəmizdə uğurlu sosial siyasətə geniş imkanlar açdı.

Ümummilli Lider, eyni zamanda, bildirirdi ki, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən istifadə etməklə yanaşı, həm də islahatlar aparmaq, bazar iqtisadiyyatı yolu ilə getmək, insanlara sərbəstlik vermək, torpağı kəndlilərə vermək, onları torpağın sahibi etmək, mülkiyyət formasını dəyişmək lazımdır. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildən başladığı islahatlar dahi rəhbərin hakimiyyətinin birinci dövründə gördüyü işlərin davamı idi. Məhz o dövrdə həyata keçirilən islahatlara əsaslanaraq bildirilirdi ki, yaradılmış iqtisadi potensial böyük sərvətimizdir. Bu sərvət Azərbaycanın tam sərbəst, heç bir dövlətdən asılı olmayaraq yaşamasına imkan verir.

Azərbaycan dünyaya Günəş kimi doğdu

Ümummilli Lider Heydər Əliyev hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən qabaqcıl respublikalarından birinə çevirdiyi kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xilaskarlıq missiyasını uğurla gerçəkləşdirməklə Onun şah əsəri kimi dəyərləndirilən Azərbaycanı zirvələrə qaldırdı, Günəş kimi dünyaya doğmasını təmin etdi, ən əsası xalqımızın öz tarixi torpaqlarına qovuşması, tarixi ədalətin bərpası, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması üçün möhkəm baza yaratdı.

Ərazi bütövlüyümüzün və suverenliyimizin qarantı olan ordu quruculuğu sahəsində görülən işlərin, yaradılan möhkəm təməlin nəticəsidir ki, Silahlı Qüvvələrimiz bu gün dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. 44 günlük İkinci Qarabağ müharibəsi, eyni zamanda, bir günlük lokal antiterror tədbirləri Azərbaycan Ordusunun gücünün, qüdrətinin dünyaya təqdimatı oldu. Azərbaycanın tarixi Zəfərini şərtləndirən amillər sırasında yer alan diplomatik mübarizədə də Ümummilli Liderin düşünülmüş siyasəti öz sözünü dedi. İstər döyüş meydanında, istərsə də diplomatik cəbhədə üstünlüyü ələ alan Azərbaycan Heydər Əliyev siyasətinin uğurlarını dünyaya təqdim etdi. Ümummilli Lider hakimiyyətə qayıdışının ilk günündən bu çağırışı etdi ki, müstəqilliyimizi və suverenliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan bir amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birlik, həmrəylik tələb olunur. Azərbaycanın diplomatik uğurlarında diasporumuzun rolu da inkaredilməzdir. Ulu Öndər Heydər Əliyev bir dövlətin xaricdəki varlığının təsdiqi kimi Azərbaycan diasporunun birliyini, həmrəyliyini vacib amil kimi önə çəkirdi. Məhz onun təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultaydan əvvəl Ümummilli Liderin çağırışına uyğun olaraq dünyanın müxtəlif ölkələrində Azərbaycan cəmiyyətləri, mərkəzləri yaradıldı. Onların vahid mərkəzdən idarə olunmasına xidmət edən Dünya Azərbaycanlılarının I Qurultayı soydaşlarımızın bir araya gəlməsinə geniş yol açdı. Artıq 2001-ci ildən başlayaraq hər 5 ildən bir Dünya Azərbaycanlılarının qurultayları keçirilir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, həmrəyliyi fonunda həmin ölkələrdə cərəyan edən proseslərə təsir imkanları artır.

Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq

Bu gün qürurla tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından bəhs edərkən onun yaratdığı reallıqlar fonunda 2022-ci ildə Qarabağın tacı Şuşanın 30 ildən sonra dünya azərbaycanlılarını bir araya gətirərək Zəfər Qurultayına şahidlik etməsini xatırlamaya bilmərik. Prezident İlham Əliyev həmin qurultaydakı çıxışında bildirdi ki, buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Dövlətimizin başçısı onu da qeyd etmişdir ki, bu gün alnımız açıqdır, üzümüz gülür, başımız dikdir və həmişə belə olacaq. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz.

Zamanın tələbi, xalqın istəyi ilə yaradılan Yeni Azərbaycan Partiyası

Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edərkən milyonların partiyası kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. Xalqın böyük əksəriyyətinin istəyini özündə əks etdirən 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə müraciəti, həmçinin dahi şəxsiyyətin bu müraciətə cavabı xalqın ümidinin yalnız Ümummilli Liderə olduğunu, Ulu Öndərin isə xalq, dövlət sevgisinin aydın mənzərəsini yaratdı. Zamanın tələbi, xalqın istəyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının çox keçmədən, yəni siyasət meydanına atılmasından 7 ay sonra iqtidar partiyası kimi fəaliyyət göstərməsi xalqın Ulu Öndər Heydər Əliyevə sevgisini, Yeni Azərbaycan Partiyasına inamını bir daha ortaya qoydu. Çox qısa zamanda xalqın partiyası adını qazanan Yeni Azərbaycan Partiyası daim tutduğu yola sadiqliyi ilə nüfuzunu artırır, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirir. Partiya ilk gündən öz adını qələbələr partiyası kimi də tarixə yazdı. Ölkədə keçirilən seçki proseslərində partiyanın qələbələri xalqın YAP-ın gələcəyinə, həyata keçirilən siyasətə inamına işıq salır. Bu gün hansı sahədən bəhs etsək uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizdən sonra həmin istiqamətdə baş verən dəyişikliklərdən, təkmilləşmədən danışmamaq mümkün deyil. Bu baxımdan Yeni Azərbaycan Partiyası da şanlı Qələbəmizin reallıqları əsasında 2021-ci ildə VII qurultayını keçirdi. Zəfər qurultayında dövlətimizin başçısı İlham Əliyev partiyanın qarşısında dayanan vəzifələri açıqladı. Qurultaydakı çıxışında “Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi” söyləyən Prezident İlham Əliyev onu da xüsusi qeyd etdi ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq. Həmin Qurultayda formalaşan yeni tərkib, qəbul olunan yeni Nizamnamə, eyni zamanda, 2021-ci ilin sonunda təsdiqlənən “Biz birlikdə güclüyük!” devizi altında yeni Proqram partiyanın yeni dövrdə qarşıya qoyduğu vəzifələrin uğurlu icrasını təmin edir.

Dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlət

Təbii ki, 15 iyun 1993-cü ildən başlanan inkişaf yolunun uğurlarını bir yazıda tam əhatə etmək mümkün deyil. Gerçək olan budur ki, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycan yenidən quruldu. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişafın təkmil modelini dünyaya təqdim edir. Son 21 ildən artıq dövrdə bu modelə edilən əlavələr və yeniliklər ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunun artmasında əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. “2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs vermişdir, mənə etimad göstərmişdir. Çünki mən demişdim ki, əgər xalq etimad göstərərsə, Ulu Öndərin siyasətinə sadiq qalacağam” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, o əsas amillərdən biri idi. Həyat onu göstərdi ki, doğrudan da tarixi uğurlara imza atdıq. Bu dövrü xarakterizə etmək üçün çox vaxt lazımdır. Hər şey göz qabağındadır: “Əminəm ki, bizim tarixçilərimiz, politoloqlarımız, alimlərimiz bu dövrü də məqalələrdə, kitablarda, dərsliklərdə düzgün əks etdirəcəklər. Çünki bu, gənc ölkəmizin yeni dövrü idi, əvvəlki dövrə əsaslanmış, o möhkəm təmələ əsaslanmış, amma yeni dövrüdür. Çünki bu da təbiidir. Çünki hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır.”

Prezidentimiz daim bu çağırışı da edir ki, hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament, baza, imkan yaratdı ki, əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik, zamanı qabaqlamalıyıq.

Azərbaycan bütün işləri ardıcıllıqla həyata keçirir. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, bugünkü Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycandır. Sözsüz ki, belə qüdrətli, suveren, ərazi bütövlüyünü təmin edən ölkəyə çevrilmək üçün 27 illik yol getdik. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tarixi Zəfərə imza atdı. Bu Zəfər növbəti zəfərlərin davamlılığını təmin etdi. Belə ki, 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Ötən il isə diplomatik uğurlarımız sırasına Qazaxın dörd kəndinin geri qaytarılması əlavə olundu. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Lider Heydər Əliyev 2003-cü ildə xalqa tarixi müraciətində məhz bu inamı ifadə etmişdi ki, axıra çatdıra bilmədiyi işləri, planları Prezident İlham Əliyev həyata keçirəcək. Dahi şəxsiyyət bu müraciəti ilə Heydər Əliyev yolunun davamlılığı fonunda Azərbaycanın daha möhtəşəm uğurlara imza atmasına yol açdı. Ulu Öndərin “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik” çağırışına qürur doğuran cavab dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 8 noyabr 2020-ci ildə Şəhidlər xiyabanından Şuşanın azad edilməsi müjdəsini xalqa çatdırarkən söylədiyi bu fikirlər oldu: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

Azad Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilir

Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Bu torpaqlar cənnət məkana çevrilir. Böyük Qayıdış Proqramının birinci mərhələsi uğurla davam edir. Ölçüyəgəlməz bərpa-quruculuq işləri soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdışı ilə tamamlanır. Dövlət başçısı İlham Əliyevin 30 may 2025-ci il tarixli “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında» Sərəncamı Böyük Qayıdışın davamlılığının təmin edilməsinə xidmət edir. Sənəddə də qeyd olunduğu kimi, işğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi fəaliyyətə reinteqrasiyası, əhalinin öz yurdlarına təhlükəsiz şəkildə qayıtması, habelə Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın və məşğulluğun təmin olunması istiqamətində görülən işlər Böyük Qayıdış prosesini ölkənin sosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevirib. Azərbaycan qarşıdakı illərdə daha mürəkkəb çağırışların və zəngin imkanların mövcudluğu ilə seçilən yeni mərhələyə daxil olur. Bu mərhələ qlobal iqtisadi qütbləşmənin dərinləşməsi, texnoloji tərəqqinin sürətlənməsi, eləcə də süni intellekt əsaslı texnologiyaların geniş tətbiqi ilə səciyyələnir. Ölkəmizin ötən illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərin davamlı şəkildə artırılması, bunun üçün özəl, o cümlədən birbaşa xarici investisiyaların cəlbinin genişləndirilməsi, biznes mühitinin əlverişliliyinin yüksəldilməsi, iqtisadiyyatın bilik və texnologiya tutumunun gücləndirilməsi, həmçinin işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin edilməsi məqsədilə imzalanan Sərəncam növbəti mərhələdə soydaşlarımızın qayıdış ünvanlarının sayının artmasını da təmin edəcək. Qarabağımız və Şərqi Zəngəzurumuz böyük investisiyalar məkanına çevriləcək. Azad edilmiş torpaqlar sevincli günlərini yaşayır.

Bu gün qürurla qeyd etdiyimiz məqamlardan biri də paytaxt Bakı ilə yanaşı, Qarabağın və Şərqi Zəngəzurun beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul olunmasıdır. Bu ərazilərdən dünyaya ünvanlanan çağırışlar Azərbaycanın birlik, həmrəylik, əməkdaşlıq tərəfdarı olduğunu bir daha nümayiş etdirir. Azərbaycan-Türkiyə qardaşlığına Qarabağın tacı Şuşa, Azərbaycan-Türkiyə-Pakistan birliyinə isə Laçın, Şərqi Zəngəzur şahidlik etdi. Azərbaycan bu torpaqlarda üç Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə Qarabağın, Şərqi Zəngəzurun hava qapılarını dünyaya açdı. Görülən işlərin miqyası genişdir. Azərbaycan təkmil dirçəliş modelini dünyaya təqdim etməklə bu sahədə də təcrübəsinin nümunə olduğunu təsdiqləyir.

Heydər Əliyev Fondu: Ümummilli Liderin fəaliyyətinin, dövlətimiz, xalqımız qarşısında əvəzolunmaz xidmətlərinin fəal təbliğatçısı

Təbii ki, uğurlarımızda Heydər Əliyev Fondunun rolu böyük, payı əvəzolunmazdır. 2004-cü ildə yaradılan Heydər Əliyev Fondu Ümummilli Liderin fəaliyyətinin, dövlətimiz, xalqımız qarşısında əvəzolunmaz xidmətlərinin fəal təbliğatçısıdır. Heydər Əliyev irsini təbliğ etməklə yanaşı, biri-birindən mühüm layihələrin təşəbbüsçüsü və iştirakçısı kimi tanınan və nüfuz qazanan Fondun Azərbaycan reallıqlarının təbliğinə verdiyi davamlı töhfələr təqdirəlayiqdir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr Azərbaycan bütün sahələrdə uğurlu inkişafına öz töhfəsini verir. Dövlətimizin başçısı İlham Əliyev Mehriban xanım Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdim edərkən Fondun uğurlu fəaliyyətini bir daha təhlil edərək bildirmişdir: “Bax, bu, çoxşaxəli fəaliyyət və eyni zamanda, uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda, qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır. Sadaladığım bütün bu amilləri nəzərə alaraq, mən bu qərara gəldim və bu gün Mehribanın həyatında yeni dövr başlayır. Əminəm ki, o, bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcəkdir.» 2017-ci ildən ötən 8 ildən artıq dövrdə görülən işlər, əldə olunan uğurlar bu inamın təsdiqidir.

Bu gün Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə azad Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsinə böyük töhfələr verir. Tarixi və mədəni abidələrimizin bərpası prosesi uğurla həyata keçirilir. Hazırkı dövrün əsas çağırışı məhz Böyük Qayıdış Proqramının uğurlu icrası, tezliklə yüksək səviyyədə başa çatdırılmasıdır.

Heydər Əliyev siyasətinin uğurları davamlıdır. Milli Qurtuluş günündən başlanan yol Azərbaycanı yeni-yeni hədəflərə nail olmasını təmin etməklə beynəlxalq münasibətlər sistemində söz sahibliyini möhkəmləndirir, tarixi ədalətin bərpası fonunda yeni çağırışlara istiqamətləndirir. Bu yol xalqımızı Qərbi Azərbaycana da qovuşduracaq. Tezliklə dövlət başçısı İlham Əliyev bu müjdəni də xalqımıza çatdıracaq.

Qeyd etdiklərimiz belə bir ümumiləşdirməyə əsas verir ki, Qurtuluş Azərbaycanın bugünkü reallıqları və onların əsasında müəyyənləşdirilən hədəflərimizin təqdimatıdır. Xalqımız tam əmindir ki, qalib, bütövləşən Azərbaycan Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində yeni-yeni zəfərlər qazanacaq, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyəcək. Ölkəmizi tarixi Zəfərə qovuşduran Milli Qurtuluş Günü münasibətilə qalib Azərbaycan xalqını təbrik edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kişineuda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

Sankt-Peterburqda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycanı Avropa çempionatında 6 parataekvondoçu təmsil edəcək

Misirdə Azərbaycan dili tədris olunan məktəbə kompüterlər hədiyyə edilib

Yunanıstan süni intellekti Konstitusiyaya daxil etməyə hazırlaşır

Güləş komandası Vyetnamdan 1 dəst medalla qayıdır

Faiq Qarayev: Ulu Öndərlə görüşlərim yaddaşımda silinməz izlər buraxıb

Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan rayonundan paylaşım edib

Prezidentin Zəngilandakı çıxışı Azərbaycanın regionda yeni reallıqları müəyyən edən dövlət olduğunu sübut edir – ŞƏRH

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

ADPU-da Ulu Öndərə həsr olunmuş silsilə tədbirlər təşkil edilib

Şahin Bayramov: Heydər Əliyev ideyaları Azərbaycanın gələcək inkişaf yoluna bundan sonra da daim işıq salacaq

I MDU Yaşıl Kampus İdman Festivalı təşkil edilib VİDEO

I MDU Yaşıl Kampus İdman Festivalı təşkil edilib VİDEO

Azərbaycan Ordusunun gənc əsgərləri and içiblər

Misir-Azərbaycan Dostluq Parkında Ulu Öndərin xatirəsi anılıb

Səfir: Heydər Əliyev Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının banisidir

Media: Rumıniya üzərindən yeni optik maqistral xətt istifadəyə verilib

ANAMA-nın kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

Daşkəsəndə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib

Şamil Əliyev: Dünya hər birimizin evidir və burada müharibəyə yer olmamalıdır

Ulu Öndər Heydər Əliyevin xatirəsi Niderlandda da anılıb

Zemfira Meftahətdinova: Azərbaycanın Olimpiya uğurları Ulu Öndərin qoyduğu möhkəm təməlin nəticəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illər dövlətçilik tariximizin parlaq mərhələsini təşkil edir

Maliyyə Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb

Ədliyyə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri Ulu Öndərin strateji hədəflərinin təzahürüdür

Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla anılıb

Qusarda komandalararası şahmat turnirinin qalibləri mükafatlandırılıb

Füzulidə Ulu Öndərin xatirəsinə həsr edilən “İz” sənədli filmi nümayiş olunub VİDEO

Füzulidə Ulu Öndərin xatirəsinə həsr edilən “İz” sənədli filmi nümayiş olunub VİDEO

Dini konfessiyaların rəhbərləri Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar

Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb

AZƏRTAC-ın kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib VİDEO

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

Ağdam şəhərində Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb, yeni yaşıllıq salınıb VİDEO

Ağdam şəhərində Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb, yeni yaşıllıq salınıb VİDEO

SOMDA-da Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub

Kəlbəcərdə ağacəkmə aksiyası - “Yaşıl mirasdan güclü gələcəyə”

Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb YENİLƏNİB VİDEO

Xocalıda Ulu Öndər Heydər Əliyevin 103 illiyi münasibətilə ağacəkmə aksiyası VİDEO

Xocalıda Ulu Öndər Heydər Əliyevin 103 illiyi münasibətilə ağacəkmə aksiyası VİDEO

WUF13 Festivalı Xankəndidə: Qarabağ Universitetində məlumatlandırma sessiyası VİDEO

WUF13 Festivalı Xankəndidə: Qarabağ Universitetində məlumatlandırma sessiyası VİDEO

Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub

Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş elmi-praktik konfrans başa çatıb

Səfir: Ulu Öndərin “Bir millət, iki dövlət” kəlamı Türkiyə-Azərbaycan əlaqələri üçün ən mühüm ortaq məqsəddir VİDEO

Səfir: Ulu Öndərin “Bir millət, iki dövlət” kəlamı Türkiyə-Azərbaycan əlaqələri üçün ən mühüm ortaq məqsəddir VİDEO

Goranboylular Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər

Azərbaycan-Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir

Dövlətçiliyə həsr olunan ömür VİDEO

Dövlətçiliyə həsr olunan ömür VİDEO

Prezident: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik

Prezident İlham Əliyev bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqlayıb

Azərbaycan Prezidenti: Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq

Prezident İlham Əliyev: Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq

Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək - Prezident

Prezident İlham Əliyev Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub VİDEO

Prezident: Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur

Almaniyanın Barleben şəhərində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş idman festivalı VİDEO

Almaniyanın Barleben şəhərində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş idman festivalı VİDEO

Prezident İlham Əliyev Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılışında iştirak edib VİDEO

Niderlandda Ulu Öndərin xatirəsi yad edilib

XRİTDX-də Ümummilli Lider Heydər Əliyevə həsr edilən silsilə tədbirlər təşkil edilib

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək

Müasir müstəqil Azərbaycanın memarına böyük ehtiram

Tbilisi və Rustavi şəhərlərində Ulu Öndərin abidəsi ziyarət olunub

Xarici işlər naziri: Delimitasiya və demarkasiya prosesi ilə bağlı işlər davam edir VİDEO

Xarici işlər naziri: Delimitasiya və demarkasiya prosesi ilə bağlı işlər davam edir VİDEO

Nazir: Ucqar kənd məktəblərinin birləşdirilməsi istiqamətində iki model tətbiq edilir

Emin Əmrullayev: Bəzi qəzalı məktəblər üzrə işlər mərhələli şəkildə davam etdirilir VİDEO

Emin Əmrullayev: Bəzi qəzalı məktəblər üzrə işlər mərhələli şəkildə davam etdirilir VİDEO

Ümummilli Liderin anadan olmasının 103 illiyi münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Ümummilli Liderin siyasi iradəsi və şəxsi nümunəsi xalqı bir araya gətirdi ŞƏRH

TADDEF-in sədr müavini: Heydər Əliyevə olan sevgi sönmür

Bu saata olan əsas xəbərlər

Stokholmda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb VİDEO

Stokholmda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb VİDEO

“AzərEnerji” və “Azərişıq” kollektivləri Ulu Öndərin məzarını ziyarət ediblər

Hikmət Babaoğlu: Ulu Öndərin dövlətçilik irsi vahid dövlətçilik konsepsiyasıdır

Heydər Əliyev və Bərdənin inkişaf tarixində silinməz izlər

Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə tədbirlər təşkil edilib

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

Müdafiə Nazirliyinin rəhbər heyəti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Ceyhun Bayramov: Əfsuslar olsun ki, Ermənistanda hələ də Azərbaycana qarşı revanşist düşüncəli şəxslər var VİDEO

Ceyhun Bayramov: Əfsuslar olsun ki, Ermənistanda hələ də Azərbaycana qarşı revanşist düşüncəli şəxslər var VİDEO

Azərbaycanın dövlətçilik fəlsəfəsinin müəllifi VİDEO

Azərbaycanın dövlətçilik fəlsəfəsinin müəllifi VİDEO

Heydər Əliyev irsi və müasir Azərbaycan təhsilinin yüksəlişi

Prezident İlham Əliyev: Slovakiya ilə tərəfdaşlığımızı yüksək qiymətləndirirəm

“Baku Steel Company” QSC-nin rəhbərliyi və kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib

“Bayraqdar Türanə”nin unudulmaz görüşü - Heydər Əliyevin diqqətini çəkən gənc qızın xatirəsi

Qarabağ Universitetində Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü münasibətilə fləş-mob VİDEO

Qarabağ Universitetində Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü münasibətilə fləş-mob VİDEO

Tarixin, liderliyin və xilaskarlığın Heydər Əliyev zirvəsi

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib VİDEO

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib VİDEO

İntellektual müstəqilliyin memarı: Heydər Əliyevin elm və təhsil fəlsəfəsi

Ağdamda yol qəzasında ölənlərin sayı 4-ə çatıb YENİLƏNİB

Prezident Administrasiyasının rəhbəri: Azərbaycan hər birimizin fəxr edə biləcəyi zirvəyə yüksəlib

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirib

Bolqarıstan mediasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı silsilə məqalələr nəşr edilib

Heydər Əliyev və Azərbaycan təhsili: milli inkişafın strateji dayağı

Samir Nuriyev: Qarabağda və Şərqi Zəngəzurda bərpa işləri müəyyən olunmuş strateji xəttin müasir mərhələsini əks etdirir

Prezident İlham Əliyev Ulu Öndərin memarlıq ənənəsini bacarıqla davam etdirərək, Azərbaycanı qüdrətli dövlətə çevirdi

Samir Nuriyev: Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə qazanılan uğurların miqyası heyrətamizdir

İdeyaları ilə Zəfərə yol açan Dahi Lider Heydər Əliyev

Ulu Öndər Heydər Əliyev tarixə həm də milli memarlıq məktəbinin hamisi kimi düşmüşdür

Prezident Administrasiyasının rəhbəri: Şəhərsalma mühitinin inkişafında Heydər Əliyevin əvəzolunmaz töhfələri xüsusi əhəmiyyətə malikdir

Samir Nuriyev: Heydər Əliyev Azərbaycan tarixində dövlətçilik ənənələrinin, milli dirçəlişin güclənməsinə əvəzolunmaz töhfələr vermiş görkəmli dövlət xadimidir

Çilidə 5,8 bal gücündə zəlzələ baş verib

“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışı start götürür