Milli Qurtuluş Günü Kiyevdə qeyd olunub
Kiyev, 15 iyun, AZƏRTAC
15 İyun - Milli Qurtuluş Günü Ukraynanın Kiyev şəhərində qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev və səfirliyin əməkdaşları iyunun 15-də Kiyevdəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Sonra səfirlikdə Heydər Əliyev salonunda Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib. Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışan səfir Seymur Mərdəliyev bildirib ki, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevdir.
“Bu gün regionda gedən prosesləri, müharibə ocaqlarını görəndə Ulu Öndərin sabit, inkişaf etmiş necə qüdrətli Azərbaycan dövləti qurduğunun bir daha şahidi oluruq. Ulu Öndər Heydər Əliyevin mənalı və şərəfli həyat yolu zaman, məkan anlayışına sığmır. Bu gün Heydər Əliyev ideyaları əsasında dinamik inkişaf edən, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan yeni zirvələr fəth edir. Qazanılan bütün nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsi dayanır”, - deyə səfir əlavə edib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışılıb, dahi rəhbərin siyasi kursunun dövlətimizin başçısı tərəfindən uğurla davam və inkişaf etdirildiyi bildirilib.