Mingəçevirdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi qeyd olunub
Mingəçevir, 27 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevir şəhərində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mingəçevir Gənclər Evi, şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən mərasimdə şəhər icra hakimiyyətinin nümayəndəsi Sahib Əliyev çıxış edərək, əlamətdar bayramlar münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən 1991-ci il dekabrın 16-da dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. Daha sonra dahi şəxsiyyət Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldıraraq bu qərarı qəbul etməyə çağırıb və dünya azərbaycanlılarının birlik və həmrəylik ideyasını dövlət siyasəti səviyyəsinə qaldırmağa nail olub. Dünya azərbaycanlılarının birliyi ideyası məhz ümummilli lider Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərdən biridir.
Sonra çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli bildirib ki, gənclərimizin vətənpərvərlik ruhunda böyüməsi prioritet məsələlərdən biridir: “Dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması sahəsində xeyli iş görülüb. Eyni zamanda, gənclərin fəallığının artırılması üçün məqsədyönlü layihə və proqramlar həyata keçirilib. Mingəçevir Şəhər Gənclər və İdman İdarəsi də həmişə gənclərə dəstək olub, köməyini əsirgəməyib”.
Gənclər Evinin direktoru Tural Kərimov isə gənclərə daim dəstək olan Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Tədbir bədii hissə ilə davam etdirilib. Yeni il şənliyinin əsas atributları olan Şaxta baba və Qar qız mingəçevirliləri bayram münasibətilə təbrik edib, tələbə və müəllimlərə firavan həyat, yaxşı təhsil arzulayıblar. Bayram şənliyində şeir və mahnılar ifa olunub, rəqslər, musiqili-əyləncəli oyunlar nümayiş etdirilib, bilik yarışları keçirilib.