REGİONLAR
Mingəçevirdə “Heydər Əliyev və mədəniyyətimiz” adlı bilik yarışı keçirilib
Mingəçevir, 28 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Bərdə Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayon və şəhərlərdə (Bərdə, Tərtər, Yevlax, Mingəçevir) yerləşən tam orta məktəblərin şagirdləri arasında “Heydər Əliyev və mədəniyyətimiz” adlı bilik yarışması davam edir. Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı və Qarabağ Regional Təhsil, Mərkəzi Aran Regional Təhsil İdarələrinin iştirakı ilə keçirilən müsabiqənin məqsədi Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi, təbliği, milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə aşılanmasıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mingəçevir şəhərində keçirilən yarışda əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bilik yarışmasının müsabiqə mərhələsində hər şəhər və ya rayon üzrə 4 komanda müəyyənləşdirilib. İlkin müəyyənləşdirilən komandaların hər birinin öz rayon və ya şəhərlərində yarışmaları nəzərdə tutulub. Rayon və şəhərlər üzrə qalib komandalar yekunda regional idarəyə dəvət olunacaq və final mərhələsi baş tutacaq.
Mingəçevirdə keçirilən yarışmanın sonuncu mərhələsində 4 komanda iştirak edib. Finalda “Zəfər” komandası qalib gələrək, növbəti mərhələyə vəsiqə qazanıb.
Yarışda iştirak etmiş komandalar Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən fəxri fərman və təşəkkürnamə ilə təltif olunub.