MİNGƏÇEVİRDƏ İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏYƏ DAİR SEMİNAR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi “Azərbaycan Uşaq Birliyi” İctimai Birliyi ilə Mingəçevir Şəhər Polis Şöbəsində birgə seminar keçirmişdir.
İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Samir Zeynalov tədbirin keçirilməsinin başlıca məqsədinin ölkədə insan alveri cinayətlərinin başvermə səbəb və şəraitinin araşdırılması, əhalinin bu sahədə maarifləndirilməsini təşkil etmək, yerli icra nümayəndəliklərinin və bələdiyyə işçilərinin, ərazi polis orqanlarının əməkdaşlarının fəaliyyətini əlaqələndirməkdən ibarət olduğunu bildirmişdir.
S.Zeynalov demişdir ki, insan alverinə qarşı mübarizə sahəsində görülmüş təşkilati-praktiki tədbirlər nəticəsində bu il 193 cinayət faktı aşkar edilmiş, 153 cinayət işinin istintaqı aparılmışdır. Bu əməlləri törətdiklərinə görə 177 şəxs məsuliyyətə cəlb edilmiş, insan alverinin qurbanı olan 44 nəfər müəyyən olunmuşdur. Polis mayoru insan alveri qurbanlarının Azərbaycandan əsasən Birləşmiş Ərəb Əmirliklərinə, Pakistan, İran, Hindistan və Türkiyəyə aparıldığını vurğulamışdır.
“Azərbaycan Uşaq Birliyi” İB-nin sədri Kəmalə Ağazadə rəhbərlik etdiyi təşkilatın insan alveri cinayətlərinin qurbanlarına peşəkar psixoloji, tibbi və hüquqi yardım göstərdiyini qeyd etmişdir.
Seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.