SİYASƏT
Misir KİV-ləri Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların bəyanatını yayıblar
Qahirə, 8 oktyabr, AZƏRTAC
Misirin “Almasryalyoum” qəzetində və “Aldiplomasy” internet nəşrində Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair bəyanatı yerləşdirilib.
AZƏRTAC-a istinadla yerləşdirilən bəyanatda Misir ictimaiyyətinə məlumat verilib ki, siyasi partiyalar Fransa prezidenti Emmanuel Makronun sentyabrın 30-u Latviyanın paytaxtı Riqada Ermənistan-Azərbaycan münaqişəsi və cəbhədə baş verənlərlə bağlı həqiqətə uyğun olmayan qeyri-ciddi açıqlamaları, onun qərəzli şəkildə işğalçı Ermənistanı müdafiə etməsini qətiyyətlə pisləyir. Qeyd olunub ki, onun Fransa kimi dövlətin prezidenti olaraq saxta məlumatlar və şayiələr əsasında, heç bir dəlil-sübut olmadan ölkəmizə böhtan atması Azərbaycan ictimaiyyətinin kəskin etirazına səbəb olub və biz qəti əminik ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi tərəfsizliyini qoruya bilmir.
Misir KİV-lərinin yerləşdirdiyi bəyanatda vurğulanıb ki, Fransa işğalçı Ermənistanı dəstəkləyir, obyektiv deyil, işğalçının yanındadır və vasitəçilik missiyasını yerinə yetirmir. Ona görə də Fransanın Minsk qrupunun həmsədrliyindən çıxarılması müzakirə edilməlidir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə