Misir nəşri: Azərbaycan sülh prosesinə sadiq qaldığını bəyan edib
Bakı, 23 fevral, AZƏRTAC
Misirin “Al Masr Al Youm” nəşrində “Ermənistanın qeyri-konstruktiv mövqeyinə baxmayaraq, Azərbaycan sülh prosesinə sadiqdir” sərlövhəli məqalə dərc edilib.
AZƏRTAC-ın ərəb dilində xəbərinə istinadla hazırlanmış yazıda qeyd olunub ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti ilə görüşü zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində rəsmi Bakının atdığı addımlar barədə məlumat verib. O, Laçın yolu ətrafında yaranmış son vəziyyətdən danışaraq bildirib ki, həyata keçirilən etirazlar bu istiqamətin sui-istifadəsinə və qeyri-qanuni iqtisadi fəaliyyətə qarşıdır. Yazıda nazir C.Bayramovun blokada və humanitar vəziyyətlə bağlı iddiaların heç bir əsasının olmadığını, eyni zamanda, Azərbaycanın öz ərazisində legitim tələbləri və təhlükəsizlik maraqlarının qorunmasının vacibliyini vurğuladığı bildirilib.
Misir ictimaiyyətinin diqqətinə çatdırılıb ki, nazir C.Bayramov Azərbaycanın sülh sazişinin imzalanması təşəbbüsü, bu istiqamətdə səyləri barədə danışıb. Vurğulanıb ki, nazir sülh sazişi üzrə dekabrda keçirilməsi nəzərdə tutulan danışıqlarda Ermənistanın iştirakdan imtina etməsinə və prosesə yaratdığı maneələrə baxmayaraq, rəsmi Bakının prosesə sadiq qalaraq bu sənədin mətni üzrə şərhlərin mübadiləsini həyata keçirdiyini qeyd edib.
Sonda diqqətə çatdırılıb ki, görüşdə Ermənistanın destruktiv mövqeyindən çəkinərək, danışıqlar masasına geri qayıtmasının zəruri olduğu vurğulanıb.