Moldova paytaxtında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin nurlu xatirəsi ehtiramla yad edilib
Kişineu, 11 dekabr, AZƏRTAC
Moldovanın paytaxtındakı Orqan Musiqisi Zalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gecəsi keçirilib.
Azərbaycanın Moldovadakı səfirliyi tərəfindən təşkil edilmiş mərasimdə Moldova rəsmiləri - mədəniyyət naziri Monika Babuk, xarici işlər və Avropaya inteqrasiya nazirinin müavini Valeri Kiver, Gürcüstanın, Qətərin, Çinin, Rusiyanın, Türkiyənin, Ukraynanın Moldovadakı səfirləri və Kişineuda akkreditə edilmiş diplomatik korpusun digər nümayəndələri, Moldova ombudsmanı Aureliya Qriqoriu, SSRİ Xalq Artisti Mixay Muntyan, Moldovanın Azərbaycandakı keçmiş səfiri İon Robu, Moldova Azərbaycanlılar Konqresinin prezidenti Vüqar Novruzov, Azərbaycan diasporunun və Moldova ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbirin əvvəlində Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev və Moldovanın mədəniyyət naziri Monika Babuk çıxış ediblər. Ölkəmizin Moldovadakı diplomatik nümayəndəliyinin rəhbəri ulu öndər Heydər Əliyevin şanlı həyat yolu barədə, memarı haqlı olaraq Heydər Əliyev sayılan müstəqil Azərbaycanın təşəkkülü və çiçəklənməsi mərhələləri barədə söhbət açıb.
Moldovanın mədəniyyət naziri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bütün postsovet məkanında müstəsna rolunu xüsusi vurğulayıb. Sonra o, cari ilin baharında Azərbaycanda keçirilən Moldova Mədəniyyəti Günləri çərçivəsində Bakıya səfəri haqda təəssüratlarını bölüşüb.
Rəsmi hissədən sonra klassik musiqi konserti olub. Məşhur gitaraçı, 23 beynəlxalq müsabiqə laureatı Rövşən Məmmədquliyev (Moskva) tanınmış Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa edib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu