Moldovada ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd edilib
Bakı, 8 may, AZƏRTAC
Mayın 8-də Azərbaycanın Moldovadakı səfirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd edilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, təntənəli tədbirin iştirakçıları Ümummilli Liderin xatirəsini yad ediblər.
Səfirliyin əməkdaşları Moldova Azərbaycanlıları Konqresinin (MAK) üzvləri və Aureliya Qriqoriunun rəhbərlik etdiyi Moldova İctimai Palatasının nümayəndələri ilə birlikdə diplomatik nümayəndəliyin binasında Heydər Əliyevin büstü önünə tər çiçəklər düzüblər.
Tədbirdə çıxış edən Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Namiq Əliyev Heydər Əliyevin şanlı həyat yolundan, Ümummilli Liderin memarı olduğu müstəqil Azərbaycanın təşəkkülü və tərəqqisi mərhələlərindən danışıb. O qeyd edib ki, məhz dahi Heydər Əliyev sayəsində ölkəmiz keçən əsrin 90-cı illərinin əvvəlində böhrandan çıxa bilib və bu gün Ümummilli Liderin strategiyasının layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi altında regionda aparıcı dövlətə çevrilib.
Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov deyib ki, Heydər Əliyev azərbaycanlıların birliyinə və həmrəyliyinə nail olmaq işində müstəsna rol oynayıb. O, daim dünya azərbaycanlılarının mütəşəkkilliyi və onların öz Vətəni - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi naminə səylə çalışıb, bu istiqamətdə son dərəcə dəyərli qərarlar qəbul edib.
Tədbir çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında ədəbiyyat və poçt markaları sərgisi təşkil olunub. Ekspozisiyada Heydər Əliyev Fondunun nəşrləri xüsusi yer tutub.
Həmin gün Moldovanın nüfuzlu “Ekspert novostey” qəzetində Moldova jurnalisti Sergey Ryabininin Ümummilli Liderin xatirəsinə həsr olunmuş böyük məqaləsi dərc edilib. “Dahi lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” sərlövhəli məqalədə konkret faktlar, materiallar, xatirələr əsasında Ulu Öndərin həyat yolundan bəhs olunur. Məqalədə deyilir: “Heydər Əliyev parlaq şəxsiyyət olub. Onun siyasi dühası Azərbaycan xalqına xidmət etməyə yönəlmişdi”. Məqalədə Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin çoxtərəfli fəaliyyətinin yekunu olan müstəqil Azərbaycanın yaranması tarixinə xüsusi yer verilir, Ümummilli Liderin müəyyən etdiyi siyasi kursun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd edilir.