SİYASƏT
MOSKVADA ƏFSANƏVİ NEFTÇİ FƏRMAN SALMANOVUN MƏZARI ÜSTÜNDƏ ABİDƏ UCALDILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 28-də Moskvadakı Vaqankovo qəbiristanlığında Azərbaycan xalqının görkəmli oğlu, əfsanəvi neftçi, SSRİ-nin əməkdar geoloqu, Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanovun məzarüstü abidəsinin açılış mərasimi olmuşdur.
Haqlı olaraq Sibir neftinin “atası” hesab edilən həmyerlimizin ailə üzvləri, Ümumrusiya Azərbaycanlıları Konqresinin nümayəndələri, F.Salmanovun dostları və məsləkdaşları onun xatirəsini yad etməyə, öz ehtiramlarını bildirməyə gəlmişdilər.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu mərasimə toplaşanlar qarşısında çıxış etdi. O, F.Salmanovun mürəkkəb və şanlı ömür yolu barədə söhbət açaraq qeyd etdi ki, Qərbi Sibirdə çox zəngin neft yataqlarının mövcud olmasını sübuta yetirmiş F.Salmanov bu diyarın neft sərvətlərini kəşf etmiş ilk mütəxəssis hesab edilirdi. P.Bülbüloğlu xüsusi vurğuladı ki, F.Salmanov keçmiş Sovet İttifaqının və onun hüquqi varisi olan Rusiyanın iqtisadiyatının inkişafı üçün çox işlər görmüşdür. Rusiya Federasiyasının dünya miqyaslı neft-qaz dövlətinə çevrilməsində F.Salmanovun əvəzsiz xidmətləri olmuşdur.
ÜAK-ın icraçı direktoru Eldar Quliyev, Salmanovun ailə üzvləri, yaxın dostları və məsləkdaşları öz xatirələrini söyləmişlər.