Moskvada Heydər Əliyev kuboku uğrunda mini-futbol turniri başa çatıb
Moskva, 23 may, AZƏRTAC
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) açıq meydanında Heydər Əliyev kuboku uğrunda mini-futbol turniri başa çatıb. Ənənəyə görə, turnirin təşkilatçısı bu dəfə də Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) idi.
Son illər bu turnirin keçirilməsi yaxşı bir ənənəyə çevrilib. Artıq on yeddinci dəfə keçirilən builki turnirdə Moskva, Kaluqa və Tulanın aparıcı ali məktəblərini təmsil edən 24 komanda mübarizə aparırdı.
Bütün komandalar layiqli oyun nümayiş etdirib və mükafata layiq yerləri tutmağa çalışıblar. Oyunçular arasında yaxşı “məktəb keçmiş” idmançılarla bərabər, nisbətən təcrübəsiz komandalar da vardı. Kapitanların fikrincə, əsas məsələ - mübarizə həvəsi, qələbə əzmidir.
İştirakçı komandalar püşkatma yolu ilə hər biri dörd komandadan ibarət olmaqla altı qrupa bölünüb, sonra isə “kvartetlərin” hər birində turnirin final mərhələsinə çıxmaq uğrunda gərgin mübarizə olub.
Finalda səkkiz komanda görüşüb. Komandaların heç biri qələbənin əldən vermək istəmir, buna görə bütün oyunlar böyük maraqla izlənilirdi.
Turnirin yekunlarına görə üçüncü yeri iki komanda - RAGB-nin Kaluqa regional bölməsinin komandası və Moskva Dövlət Humanitar-İqtisad Universitetinin komandası, ikinci yeri Ümumrusiya Dövlət Ədliyyə Universiteti tutub, Heydər Əliyev kubokunu isə RAGB-nin Tula regional bölməsinin komandası qazanıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva