Müasir cərrahiyyədə əldə edilən uğurlara həsr olunan konfrans keçirilib
Bakı, 1 mart, AZƏRTAC
Son 20 ildə ultrasonoqrafiya-doppler, kompüter tomoqrafiyası, maqnit rezonans, rəqəmli angioqrafiya ilə xəstəliklərin diaqnozunda çox böyük inkişaf nəzərə çarpır. Radiologiya, o cümlədən şüa diaqnostikası və invaziv radiologiya müasir tibbin ən önəmli sahələrindən biridir.
Radiologiya müayinələri ilə bir sıra xəstəliklərin qeyri-invaziv diaqnostikası mümkündür. Onun sayəsində 1,2-5 millimetrlik kiçik dəliklərdən bədəndəki bütün arteriya və venalara, beyinə-qaraciyərə-böyrəklərə və bütün orqanlara daxil olub mürəkkəb damar əməliyyatları, abses drenaji, öd yolu drenaji, nefrostomiya, radiofrekans ablasiya və təxminən 350-yə qədər müxtəlif mini-invaziv fərqli radiologiya əməliyyatları aparmaq olar.
AZƏRTAC xəbər verir ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzində “Son illərdə cərrahiyyədə qazanılmış nailiyyətlər” mövzusunda keçirilən konfransda bu barədə danışılıb.
Konfransda mərkəzin cərrahı, professor Əhməd Məmiş invaziv radiologiya və endovaskulyar cərrahiyyədə tətbiq edilən ən müasir üsullar barədə məruzə edib. Onun verdiyi məlumata görə, mərkəzdə bütün növ laparoskopik əməliyyatların standartlara uyğun şəkildə və müasir avadanlığın tətbiqi ilə aparılır. Müxtəlif növ qarın yırtıqları, öd kisəsi, mədə və bağırsaq əməliyyatlarının minimal zədə ilə kəsiksiz laparoskopik üsulla icra olunması xəstələr üzərində ağrılı və mürəkkəb prosedurları çox rahat yerinə yetirməyə imkan verir. Düz bağırsaq törəmələrində transanal cərrahiyyədə qazanılmış uğurlar isə xüsusilə böyük ümidlər doğurur.
Mərkəzin ümumi cərrahı İlqar İsmayılov konfrans iştirakçılarına xəstə üzərində müasir üsullarla apardığı aşağıyerləşimli düz bağırsaq törəməsindən azad olunması əməliyyatı barədə məlumat verib.
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin neyrocərrahı Azər Əkbərov son illər həyata keçirilən beyin və onurğada mikroskopik və endoskopik əməliyyatlar, beyin törəmələri, hipofiz adenomalarının endoskopik xaric edilməsi, kəllə sümüklərinin və kəllə tikişlərinin erkən qapanması, onurğa və onurğa beyin törəmələri, boyun və bel fəqərəarası yırtıqları, fəqərə sürüşmələri, onurğa sütunu travmaları, onurğa və onurğa beynin inkişaf qüsurları, sinir əməliyyatları və digər unikal və mürəkkəb əməliyyatlar barədə danışıb.
Mövzu ilə əlaqədar konfrans iştirakçılarının sualları cavablandırılıb.
Konfrans iştirakçılarına sertifikatlar verilib.