Mübarizə əzmi və qəhrəmanlıq tarixi
Naxçıvan, 13 yanvar (AZƏRTAC). Naxçıvan Tibb Kollecində 20 Yanvar faciəsinə həsr olunmuş “Mübarizə əzmi və qəhrəmanlıq tarixi” mövzusunda tədbir keçirilmişdir.
Kollecin direktoru İlhamə Mustafayeva bildirmişdir ki, o qanlı hadisələri törədənləri bu gün tarix də, xalqımız da nifrətlə xatırlayır. Sovet imperiyasının bu qanlı aksiyanı törətməkdə məqsədi xalqımızın mübarizə əzmini qırmaq, onun müstəqillik arzusunu içində boğmaqla 70 ildən bəri əsarət altında çırpınan başqa xalqlara ibrət dərsi vermək idi. Amma imperiya bu qanlı aksiyanı törətməklə öz çirkin məqsədinə çata bilmədi. Müstəqillik eşqi ilə alışıb-yanan xalqın mətin iradəsini sarsıtmağı bacarmadı. Xalqın qəzəbindən qorxuya düşən o vaxtkı ölkə rəhbərləri Moskvaya qaçıb bu qanlı aksiyanı törədənlərin qoltuğunda özünə sığınacaq tapdı. Blokada şəraitində olan Azərbaycanın səsinin heç yerdən eşidilmədiyi o dövrdə öz xalqının səsinə səs verən yenə də xalqımızın ümummilli lideri Heydər Əliyev oldu. Çətin şəraitdə Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlib mətbuat konfransı keçirdi. Bakıda törədilmiş qanlı cinayət haqda dünya ictimaiyyətinə məlumat verdi. Qəlbi müstəqillik arzusu ilə döyünən xalqın sönməkdə olan ümid çırağını yenidən yandırdı.
Ulu öndərimiz Heydər Əliyevin “Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır” tələbi onun bu məsələ ilə bağlı sonralar etdiyi bütün çıxışlarının, bəyanatlarının, imzaladığı sənədlərin əsas leytmotivi olmuşdur. Azərbaycan xalqına qarşı cinayət törədən şəxslərin ciddi cəzalandırılması məsələsi onun fəaliyyətinin bütün sonrakı mərhələlərində də aktuallığını qoruyub saxlamışdır. Ulu öndərimiz həmişə bu mövqedə olmuşdur ki, xalqa qarşı törədilən hər hansı cinayət cəzasız qalmamalıdır. Təsadüfi deyildir ki, bu faciəyə ilk hüquqi-siyasi qiymət də ulu öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi zaman verildi. Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş müvafiq qərarda 20 yanvarın milli matəm günü kimi qeyd olunması qərara alındı. Qərarda ilk dəfə olaraq faciənin əsas günahkarları adbaad sadalanaraq onların birbaşa məsuliyyət daşıdıqları göstərildi.
Natiq vurğulamışdır ki, Qanlı Yanvar faciəsindən ötən müddət ərzində şəhidlər heç bir zaman unudulmayıb, onların azadlıq, müstəqillik uğrunda tökülən qanları hədər getməyib. Bu gün Azərbaycan inkişaf edir, yüksəlir, dünya dövlətləri arasında öz yerini tutur, beynəlxalq aləmdə nüfuzu artır. Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz daha böyük nailiyyətlər qazanır. Qüdrətli, güclü ordumuz var. Torpaqlarımız uğrunda, vətənin müstəqilliyi, azadlığı yolunda şəhid olanların xatirəsi hər zaman əziz tutulur. 20 Yanvar faciəsi nə qədər acı və dəhşətli olsa da, eyni zamanda, yurdumuzun tarixinin şərəfli və qəhrəmanlıq səhifəsidir.
Mövzu ilə bağlı çıxışlar olmuşdur.
Sonda kollecin tələbələri ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.