Müdafiə naziri Ramazan bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib
Bakı, 16 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ramazan bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təbrikdə xalqımızın milli mənəvi dəyərlərini daima yüksək tutan ümummilli lider Heydər Əliyevin milli və dini adət-ənənələrimizin qorunub saxlanılmasına layiqli töhfələr verdiyi xüsusi vurğulanıb. Məhz Ulu Öndərin hakimiyyəti dövründə ölkəmizdə sağlam dövlət-din və dinlərarası münasibətlər qurulduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, bu gün Azərbaycanda sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsi, ölkəmizin dünyanın multikulturalizm mərkəzinə çevrilməsi ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasətin bəhrəsidir. Bərabərlik və mənəvi təmizlik kimi yüksək əxlaqi hisslər aşılayan, nəsildən-nəslə ötürülərək bu günümüzə qədər yaşadılan Ramazan bayramı Azərbaycanda yüksək səviyyədə qeyd olunur.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sivil və demokratik inkişaf yolu ilə inamla irəlilədiyini qeyd edən nazir Azərbaycanın dünya dövlətləri arasında dini tolerantlıq nümunəsi kimi tanındığını da vurğulayıb. Zakir Həsənov bildirib: “Bu gün ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilib, əhalinin həyat səviyyəsi yaxşılaşıb, dövlətimizin müdafiə qüdrəti artıb, müstəqilliyimiz daha da möhkəmlənib.
İnanıram ki, Azərbaycan Respublikası Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə sadiq qalaraq respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğalçılardan azad olunması naminə xidməti borcunuzu bundan sonra da şərəf və vicdanla yerinə yetirəcək, döyüş və mənəvi-psixoloji hazırlığın daha da yüksəldilməsində səylərinizi artıracaqsınız.
Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətinizdə uğurlar arzulayıram”.