Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi 13 mərkəzdə təşkil olunacaq
Bakı, 22 iyun, AZƏRTAC
Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinin keçiriləcəyi mərkəzlər müəyyənləşib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, bu mərhələ 12 şəhər və rayonda 13 imtahan mərkəzində təşkil olunacaq.
İyunun 4-dən 11-dək aparılan elektron sənəd qəbulu zamanı 62 min 242 namizəd qeydiyyatdan keçib. “Miq.edu.az” saytı vasitəsilə həyata keçirilən qeydiyyatda 60 min 627 namizəd elektron ərizəsini tamamlayaraq müraciətini təsdiqləyib.
Müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Eyni zamanda, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrində pedaqoji ixtisaslar üzrə təhsil alan sonuncu kurs tələbələri iştirak edə bilərlər.
Test imtahanı mərhələsində iştirak edəcək şəxslərdən COVID-19 peyvəndi ilə bağlı sənəd tələb olunmayacaq. Müsabiqənin növbəti mərhələlərində sözügedən sənəd tələb olunacağı təqdirdə namizədlərə əvvəlcədən məlumat veriləcək.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə dair vətəndaş müraciətlərinin cavablandırılması üçün aşağıdakı xidmətlər təqdim edilir:
- Çağrı Mərkəzi: “146-1” nömrəsi (həftənin iş günləri və saatları);
- (+994) 51 206 78 48 vatsap nömrəsi (həftənin iş günləri və saatları);
- İnsan Resursları Mərkəzi: Tel: (+994) 12 430 52 78 E-mail: [email protected].